Avstraliyada Yura dövrünün meşəsi yanğınlardan xilas edilib

Google+ Pinterest LinkedIn Tumblr +

Avstraliyada Yura dövrünün meşəsi ölkədə tüğyan edən yanğınların cəngindən xilas edilib.

1994-cü ildə Uollemi Milli Parkında heç vaxt heç yerdə təsadüf edilməyən yüzdən çox iynəyarpaqlı ağac aşkar edilib. Onları Yeni Cənubi Uels Milli Parkları və Qoruqları İdarəsinin əməkdaşı Devid Nobl 500 metr dərinlikdəki kanyonda tapıb.

İynəyarpaqlı ağac növü parkın və Con Noblun şərəfinə (“nóbilis” latıncadan tərcümədə həm də “nəcib” deməkdir) “Wollémia nóbilis” adlandırılıb. Hesab edilirdi ki, Yura dövründə geniş yayılmış bu ağacın kökü milyonlarla il əvvəl kəsilib. Alimlər indiyədək bu ağacın yalnız daşlaşmış qalıqlarına rast gəliblər.

Biosfer.az “nat-geo.ru”ya istinadla xəbər verir ki, kanyonda aşkar edilmiş ən qocaman vollemiyanın yaşı min ildən çoxdur.

Bu unikal ağaclar Avstraliyada meşə yanğınlarının tüğyan etməsi səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşib. Ölkənin hakimiyyət orqanları qədim meşəni qoruyub saxlamaq üçün xüsusi tədbirlər görüblər.

Milli Parklar və Vəhşi Təbiət Xidmətinin direktoru Devid Krastın sözlərinə görə, yanğınsöndürənlər helikopterlərlə əraziyə yollanaraq kanyondakı ağacların qurumaması üçün irriqasiya sistemi qurublar. Tarixdən əvvəlki ağacların bitdiyi meşəyə bitişik əraziyə təyyarələrdən yanğından qoruyucu tərkib səpilib. Bu, vollemiya meşəsinə yaxınlaşmaqda olan yanğının intensivliyini azaltmağa kömək edib.

Yeni Cənubi Uels ştatının Ətraf Mühit naziri Mett Kin deyib: “Bu ağaclar dinozavrlar dövründən qalıb. Buna görə də alovun yaxınlaşdığını görəndə başa düşdük ki, onları xilas etmək üçün əlimizdn gələni etməliyik”.

Yanğın 5 000 hektardan çox ərazidə yerləşən, başqa nadir ağacların da bitdiyi Uollemi Milli Parkı ərazisinin 90 faizini məhv edib.

Vollemiya ağaclarının uğurla xilas edilməsi Avstraliyada misli görünməmiş meşə yanğınlarının başlanmasından sonra baş vermiş az sayda müsbət hadisələrdən biridir. Təbii fəlakət nəticəsində 2019-cu ilin sentyabrından ölkədə azı 28 adam həlak olub, 2600-dan çox ev dağılıb, əsas etibarilə Yeni Cənubi Uels ştatında təqribən 10,3 milyon hektar meşə məhv olub.

Bu həftə Avstraliyanın cənub-şərqində başlanmış güclü yağışlar, ehtimal ki, yanğınların öhdəsindən gəlməyə kömək edəcək.

Paylaş