Təsərrüfat direktoru: Çalışacağıq ki, Dilbaz atlarının şöhrətini özünə qaytaraq

Google+ Pinterest LinkedIn Tumblr +

Dilbaz atları 1738-ci ildən başlayaraq bu günə qədər seleksiya nəticəsində təkmilləşdirilib, cins halına salınıb. Dünyanın müxtəlif sərgilərində nümayiş olunub və yüksək mükafatlara layiq görülüb. Bu atlar həm dağlıq, həm də aran rayonlarda yük götürmə qabiliyyətinə və yüksək sürətə malikdir. Dilbaz atının genefondunun saxlanması və gələcək nəslə ötürülməsi üçün dövlət səviyyəsində mühüm addımlar atılır. Bu yaxınlarda Prezident İlham Əliyevin Sərəncamı ilə Ağstafa rayonunda Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisinə 5 milyon 30 min manat vəsaitin ayrılması da bunu bir daha təsdiqləyir. Çalışacağıq ki, dövlətimizin bu sahəyə diqqət və qayğısına əməli işimizlə cavab verək, Dilbaz atlarının şöhrətini özünə qaytaraq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində olan Dilbaz Atçılıq təsərrüfatının direktoru Səlimxan Gülalıyev deyib.

Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin səyi nəticəsində 1997-ci ildə yaradılan təsərrüfata Şəki rayonun Daşüz sovxozundan cəmi 10 baş at gətirilmişdi. Hazırda isə təsərrüfatda Dilbaz atlarının sayı 137 başa çatıb.

Dilbaz Atçılıq təsərrüfatının direktoru deyib: “Dünyada olan 260 at cinsindən ölkəmizdə yalnız ikisi mövcuddur. Bunlar da, məşhur Qarabağ və Dilbaz at cinsləridir. Dilbaz atları Gəncəbasar zonasının genefonduna daxildir. Dövlətimizin başçısının Sərəncamı ilə yeni kompleksin tikintisi ölkəmizdə atçılığın inkişafına bir təkan olacaq. Kompleksin tikintisi və istifadəyə verilməsi cins atların yetişdirilməsinə, onları beynəlxalq sərgilərə və yarışlara çıxarmağa imkan verəcək”.

Paylaş