İstifadə olunmuş bu bayram yolkaları emal ediləcək

Google+ Pinterest LinkedIn Tumblr +

Vilnüsdə beş həftə davam edən “Paytaxtda Milad” festivalı bir həftə keçməmiş başa çatacaq və şəhər sakinlərinin çoxu evlərindəki və ofislərindəki bayram yolkalarını yığışdırmağa başlayacaq.

Biosfer.az xəbər verir ki, Vilnüs meriyası zibilyığan müəssisələrlə birlikdə sakinlərin bayramlardan sonra yolka və yolka budaqlarını təhvil vermələri üçün 80-dən çox xüsusi məntəqə açacaq. Beləliklə, yolkalarla ətraf mühiti çirkləndirmədən mədəni və havayı vidalaşmaq mümkün olacaq. İşlənmiş yolka ağaclarından ekoloji baxımdan təmiz yanacaq və kompost əldə ediləcək. Vilnüs meriyasının mətbuat xidməti xəbər verir ki, xüsusi məntəqələrdə yolkaların toplanması yanvarın 6-dan 31-dək davam edəcək.

Meriya hər il Vilnüs sakinlərini yolkaları qarışıq məişət tullantıları konteynerlərinin yanına, həyətlərə atmamağa, ətraf ərazisini təmiz saxlamağa çağırır. Şəhərin özünüidarəetmə təşkilatı hər bir rayonda yolkatoplama məntəqəsi açmağa çalışır. Yolkaların toplanması üçün paytaxtın zibilyığan müəssisələri ilə razılıq əldə olunub.

Mütəxəssislər dibçəkdə bitən yolkanı bəzəmiş sakinlərə həmin ağacı yaxınlıqda bitən küknar ağaclarının yanında əkməyi məsləhət görürlər. Yəni ətrafda ağ şam və ya küknar ağacları bitirsə, deməli, həmin yerə əkilən körpə küknarlar inkişaf edəcək. Yolkaları çoxmənzilli evlərin yanında əkmək məsləhət görülmür, çünki gələcəkdə həmin ağaclar boy ataraq pəncərələrə kölgə sala bilər. Ağacın əkildiyi yerin altından mühəndis qurğuları keçirsə, onda təmir işləri aparılacağı təqdirdə yolkanın torpaqdan çıxarılacağı və ya ümumiyyətlə orada bitməyəcəyi istisna olunmur.

Meriya Vilnüs sakinlərini yolkalardan təkrar istifadə etmək barədə də düşünməyə çağırır. Məsələn, bağda və ya həyətdə bitən, lakin soyuğa həssas olan bitkilərin üstünü yolka budaqları ilə örtmək, kompost qutusunun dibinə yolka budaqları döşəmək olar. (Azərtac)

Paylaş