Hindistanın paytaxtı Dehlidə “Hava çirkliliyi indeksi” (AQİ) üzrə “çox çirkli” hava şəraiti 3 gündür davam edir.
Biosfer.az yerli KİV-lərə istinadla xəbər verir ki, şəhərin bəzi hissələrində zərərli hissəciklərin miqdarı bir kubmetrdə 385 mikroqrama çatıb. Bu cür şəraitin dekabrın 29-da da davam edəcəyi proqnozlaşdırılır.
Paytaxtda hökm sürən çirkli hava şəraitinə qatı buludların da əlavə olunması gözlə görmə məsafəsinin azalmasına səbəb olub. Nəticədə paytaxtdakı İndira Qandi beynəlxalq hava limanına enməli olan 4 təyyarə digər şəhərlərə yönləndirilib. Hazırda isə təyyarələrin qəbulu üçün CAT III-B xüsusi enmə sistemindən istifadə olunur. Bundan başqa, hava şəraiti qatarların hərəkətinə də təsirsiz ötüşməyib. Belə ki, 24 qatarın Dehli vağzalından yola düşməsi bir neçə saat ləngiyib.
Qeyd edək ki, mövsümün sonlarında məhsulu yığılmış sahələrin yandırılması Hindistanda havanın həddən artıq çirklənməsinə səbəb olur. Qonşu ştatlarda minlərlə fermer torpağı növbəti əkinə hazırlamaq məqsədilə sahələri yandırır. Bu səbəbdən Dehlini tüstü bürüyür, havada zərərli maddələrin miqdarı normadan on dəfələrlə artıq olur.