2019-cu il Avstriyada üçüncü ən isti il kimi tarixə düşüb

Google+ Pinterest LinkedIn Tumblr +

Yola salmaqda olduğumuz 2019-cu il Avstriyada ən isti illərdən biri kimi tarixə düşüb.

Biosfer.az bu ölkənin Meteorologiya və Geodinamika üzrə Mərkəzi İdarəsinə istinadla bildirir ki, bu il meteoroloji ölçmələrin həyata keçirildiyi 1768-ci ildən bəri Avstriyada üçüncü isti il olub. Bu barədə məlumat idarənin yaydığı ilkin illik iqlim hesabatında yer alıb. Bununla da son illərdə bir-birinin ardınca gələn isti illər statistikası bu il də davam etmiş olub.

İdarənin eksperti Aleksander Orlik bildirib ki, 2019-cu ildə illik orta temperatur uzunmüddətli orta göstəricidən 1,5-1,7 dərəcə yüksək olub. Avstriyada 252 illik meteorologiya tarixində ən isti il 2018-ci il olub və bu trendin qarşıdakı illərdə də davam etməsi ehtimalı yüksəkdir. Ekspert, həmçinin bildirib ki, Avstriyada 15 ən isti ilin on dördü 1994-cü ildən sonrakı dövrə düşür və bu da öz növbəsində qlobal iqlim dəyişikliklərinin Avstriya timsalında təzahürüdür.

Ərazisinin böyük bir hissəsi Alp dağlarına düşən, iqlimin mühafizəsində və yaşıl enerji mənbələrinin tətbiqində ön sıralarda durmağa çalışan və ölkənin təxminən 40 faizinin meşələrdən ibarət olması ilə fəxr edən Avstriyada son illərin davamlı halda isti keçməsi narahatlıq doğurur. Ekspertlərin rəyinə görə, iqlim dəyişikliyinə qarşı mübarizə fərdi və ya regional xarakter daşımamalıdır, ayrı-ayrılıqda hansısa ölkə bu sahədə ciddi irəliləyişlər əldə etsə də, qlobal vəziyyət həmin uğurların üstündən xətt də çəkə bilər. Avstriyanın timsalında bu fikir müəyyən qədər özünü doğrultmuş olur.

Paylaş