Hacıqabul gölünün bərpası prosesinə başlanılacaq

Google+ Pinterest LinkedIn Tumblr +

Bütün ekoloji ictimaiyyəti narahat edən Hacıqabul gölünün quruması dayandırılacaq, Hacıqabul gölünün bərpası prosesinə başlanılacaq.

Biosfer.az xəbər verir ki, bu məlumatı Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov dekabrın 20-də keçirdiyi mətbuat konfransında deyib.

Mirsalam Qənbərov bildirib ki, Dövlət Ekspertiza İdarəsinə rəy alınması üçün müraciət olunan dövlət əhəmiyyətli ən iri layihələrdən biri də Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən təqdim olunan “Yuxarı Şirvan kanalının yenidən qurulması” layihəsidir. “Bu layihənin icrası nəticəsində Şirvan, Muğan zonasının əkin sahələri suvarma suyu ilə tam təchiz ediləcək, bölgədə kənd təsərrüfatının daha da inkişafına nail olunacaq.

Digər tərəfdən, indiyədək mövcud olan köhnə kanal ləğv ediləcək. Betonlaşdırılmamış köhnə Şirvan kanalında sızmalar nəticəsində daimi su itkisi baş verirdi və ətraf torpaqların şoranlaşması prosesi gedirdi.

Bizim tərəfimizdən də aparılan araşdırmalar göstərir ki, bu layihənin iqtisadi, sosial əhəmiyyəti ilə yanaşı, həm də böyük ekoloji əhəmiyyəti olacaq. Su itkisinin, ətraf bölgələrdə torpaqların şoranlaşmasının qarşısı alınacaq və ən əsası, bütün ekoloji ictimaiyyəti narahat edən Hacıqabul gölünün quruması dayandırılacaq, Hacıqabul gölünün bərpası prosesinə başlanılacaq. Yeni çəkiləcək Yuxarı Şirvan kanalından ekoloqların, ETSN-in tövsiyəsi ilə Hacıqabul gölünə ayrıca qol çəkiləcək. Bu layihəyə də rəy verilməsi üçün yaxın vaxtlarda ictimai dinləmələr keçiriləcək, məsləhətləşmələr aparılacaq. Çünki birinci mərhələdə 4,7 kilometr ərazidə qazıntı-tikinti işləri gedəcək və ətraf mühitə müəyyən təsirlər göstəriləcək. Amma göründüyü kimi yəqin ki, dinləmələrdə də layihənin daha böyük əhəmiyyəti nəzərə alınacaq”.

Paylaş