Respublika Seysmoloji Xidmət Mərkəzinin illik hesabatı təqdim edilib

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) AMEA yer elmləri bölməsinin iclası keçirilib.

İclasda bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirovun sədrliyi ilə keçirilən iclasda AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev, Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, bölməyə daxil olan elmi müəssisə və təşkilatların nümayəndələri, bölmə üzvləri və RSXM-in əməkdaşları iştirak ediblər.

Mərkəzin informasiya şöbəsindən Biosfer.az-a verilən məlumata görə, AMEA yer elmləri bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək bildirib ki, gündəliyə mərkəzin bu il apardığı elmi və elmi-təşkilati işlərinin yekunlarına dair illik hesabatın təqdimatı və müzakirəsi daxildir.

RSXM-in illik hesabatını mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli təqdim edib. Baş direktor ilk olaraq təşkilatın strukturu, il ərzində mərkəzə daxil olan rəsmi sənədlərin icra vəziyyətinə dair məlumatları diqqətə çatdırıb.

Daha sonra bu il mərkəzdə aparılmış kompleks seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar və alınmış nəticələr açıqlanıb. Bildirilib ki, 2019-cu il ərzində hesabat təqdim edilən vaxta qədər RSXM-in seysmik stansiyaları tərəfindən 12 min 914 zəlzələ qeydə alınıb. Litosferdə gedən geodinamik proseslər nəticəsində hiss olunmayan və xırda zəlzələlərin daim baş verdiyini bildirən baş direktor qeydə alınmış zəlzələlərin 5298-nin yerli, 6748-nin isə regional zəlzələlər olduğunu vurğulayıb. Azərbaycan ərazisində baş verən zəlzələlərdən 79-nun maqnitudası 3-dən yuxarı olan zəlzələlərdir. Respublika ərazisində il ərzində 25 hiss olunan zəlzələ baş verib. Ən güclü zəlzələ isə fevralın 5-də Şamaxı-İsmayıllı-Ağsu ərazisində qeydə alınıb. Həmin zəlzələnin maqnitudası 5,2 olub. Bununla yanaşı, il ərzində RSXM-in seysmik stansiyaları tərəfindən 3 palçıq vulkanı püskürməsi qeydə alınıb ki, həmin püskürmənin ikisi (Quşçu vulkanı) Şamaxı-İsmayıllı-Ağsu zəlzələsindən sonra – fevralın 13-də baş verib.

RSXM-in baş direktoru çıxışında bu il geofiziki, geokimyəvi, geodinamik sahələr üzrə görülən işlər və alınmış nəticələr barəsində də danışıb. Həmçinin mərkəzin xarici ölkələr və beynəlxalq təşkilatlarla, media ilə əməkdaşlıq sahəsində görülən işlər, kadr potensialının gücləndirilməsi üçün tədris sahəsində həyata keçirilən tədbirlər haqqında məlumat verilib. Hesabatın təqdimatından sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, akademik Pərviz Məmmədov, AMEA Geologiya və Geofizika İnstitutunun direktoru, şöbə müdiri, akademik Hətəm Quliyev, akademik Akif Əlizadə, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və AMEA Yer Elmləri bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək öz fikir və təkliflərini bildiriblər.

Hesabat bölmə üzvləri tərəfindən müsbət qiymətləndirilərək qəbul edilib.

Paylaş