İqlim Dəyişmələri üzrə Madrid Konfransı ümidləri doğrultmadı

Google+ Pinterest LinkedIn Tumblr +

BMT-nin Baş katibi Madriddə başa çatan İqlim Dəyişmələri üzrə Konfransın nəticələrindən məyus olub. Antonio Quterreşin sözlərinə görə, Konfrans iştirakçıları iqlim böhranının öhdəsindən gəlmək üçün zəruri olan qətiyyətli addımlar atmaq imkanını əldən veriblər.

Biosfer.az BMT-nin saytına istinadla xəbər verir ki, Baş katib təslim olmaq niyyətində deyil. O, beynəlxalq birliyi ruhdan düşməməyə çağırır.

Antonio Quterreş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası tərəflərinin Konfransı başa çatandan sonra deyib: “Beynəlxalq birlik iqlim dəyişmələrinin qarşısının alınması, onun nəticələrinə adaptasiya olunması və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi göstərilməsi sahəsində tədbirlər görmək üçün daha ciddi hazırlıq nümayiş etdirmək imkanını əldən verdi. Gözlənilirdi ki, ölkələr parnik qazlarını Paris Sazişinin orta qlobal temperaturun artmasını Selsi ilə 1,5 dərəcə civarında saxlamaq hədəfinə nail olmağa imkan verəcək həcmdə azaltmaq üçün daha “yüksək” öhdəliklər götürəcəklər. Lakin belə olmadı.

Antonio Quterreş deyib: “Biz təslim olmamalıyıq və mən geri çəkilmək niyyətində deyiləm. Mən həmişəkindən daha əzmlə çalışacağam ki, 2020-ci ildə bütün ölkələr öz üzərlərinə tədbirlər görmək öhdəliyi götürsünlər. Alimlər bildirirlər ki, bu tədbirlər 2050-ci ilə qədər “karbon neytrallığı”na nail olmaq və temperaturun 1,5 dərəcədən çox artmasına yol verməmək üçün lazımdır”.

Hesablamalara görə, 2030-cu ilə qədər parnik qazları emissiyalarını 45 faiz azaltmağa, əsrin ortalarına qədər karbon qazı tullantılarının təbiətin uda biləcəyi miqdardan çox olmamasına nail olmaq lazımdır. Hələlik isə karbon qazı tullantıları artmaqdadır və proqnozlara görə, bu artım 3-4 dərəcə ola bilər. Bu isə o deməkdir ki, planetimiz insan həyatı üçün yararsız vəziyyətə düşəcək.

Danışıqların nəzərdə tutulduğundan, demək olar, iki gün artıq gecə-gündüz davam etməsinə baxmayaraq, Konfrans iştirakçıları konkret tədbirlər və öhdəliklər nəzərdə tutulmayan sənəd qəbul ediblər.

Paylaş