Delfinlərin çoxu sağaxaydır

Google+ Pinterest LinkedIn Tumblr +

Delfinlər arasında solaxaylar çox azdır. Afalin delfinlərin qida axtarışlarının müşahidə olunması göstərib ki, onların çoxu sağaxaydır. Tədqiqatı aparan Amerika bioloqlarının məqaləsi “Royal Society Open Science” elmi jurnalında dərc olunub.

Biosfer.az TASS agentliyinə istinadla xəbər verir ki, ”Dolphin Communication Project” mütəxəssisləri Baham adalarının yaxınlığında məskunlaşan afalin delfinlərin (Tursiops truncatus) davranışını müşahidə ediblər. Bu heyvanlar çox vaxt exolokasiyanın köməyi ilə suyun dibində olan qumda qida axtarır. Delfinlər burunlarını quma salmaq üçün kəskin dönüş edir. Alimlərin müşahidə etdikləri delfinlər 99 faiz halda sola doğru dönüş ediblər ki, onların sağ gözü dənizin dibinə və qənimətə yaxın olsun.

Alimlər belə davranışın mümkün səbəblərindən birini delfinin qırtlağının xüsusi quruluşu, bu dəniz məməlisinin qidanı sağ tərəfdən daha asan uda bilməsi ilə əlaqələndirirlər. Belə bir fərziyyə də var ki, bu heyvanların exolokasiya üçün lazımlı olan səsləri çıxarmalarına kömək edən xüsusi səs dodaqları onların məhz sağ tərəfində yerləşir.

Alimlərin fikrincə, daha bir səbəb delfinlərin baş beyninin fəaliyyəti ilə bağlı ola bilər. İnsanlarda olduğu kimi, delfinlərin beyni bədənin bir tərəfindən olan sensor informasiyanı beynin əks yarımkürəcəyi ilə emal edir. Exolokasiya və vizual informasiyanı afalinlərin sol yarımkürəsi daha yaxşı emal edir. Allimlərin fikrincə, buna görə də delfinlər məhz sağ gözə üstünlük verir.

Beləliklə, tədqiqat göstərir ki, insanlar, qorillalar, şimpanzelər və balinakimilər dəstəsinin bəzi digər fərdləri kimi, afalinlər də əksəriyyəti sağaxay olan məməlilərlə bir cərgədə yer alıblar. Onlardan fərqli olaraq, kenqurular və oranqutanqlar arasında solaxaylar daha çoxdur.

Paylaş