Tokionun payız rəngləri – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Ərazisinin təxminən 70 faizi meşələr və kolluqlardan ibarət olan Yaponiyada payız öz gözəlliyi ilə diqqəti cəlb edir. Sentyabrın ortalarından başlayaraq bu Gündoğar ölkədə havanın temperaturu azalır, termometrin civə sütunu 30 dərəcədən aşağı düşərək 20-25 dərəcə arasında qərarlaşır. Belə isti payız havası oktyabrın sonlarınadək davam edir. Oktyabrın sonlarından və ya noyabrın əvvəllərindən isə soyuq hava müəyyən dərəcədə Avropanın qızıl payızını xatırladır.

Payızın gəlişi materikdən gələn yüksək hava təzyiqi ilə seçilir. Gündüzlər bəzi hallarda havanın temperaturu müsbət 25 dərəcəni aşsa da axşamlar və gecələr çox soyuq keçir. Təbii ki, hər yerdə olduğu kimi Yaponiyada da payız məhsulun yığılması ilə diqqəti cəlb edir. Yaponlar payız fəslini əgər hərfi tərcümə etsək “Yüksək səma və piylənmiş atlar” ifadəsi ilə təsvir edirlər. Şəffaf hava insanda səmanın sanki kainatın dərinliklərinə doğru yüksəlməsi hissi yaradır, “piylənmiş atlar” ifadəsi isə bol məhsul mənasını verir. O qədər bol məhsul ki, atlar samanın çoxluğundan xeyli kökəlirlər.

Yaponlar payızda əsasən, düyü, soya, şirin kartof, göbələk, digər tərəvəzlər və müxtəlif meyvələr toplamaqla məşğul olurlar. Hər tərəfdən su ilə əhatə olunan adalarda dəniz məhsullarını da çox sevirlər, xüsusən payız balıq növləri sayra, ivasi, skumbriya və qızılbalıq istənilən restoranda süfrənin bəzəyini təşkil edir. Bunun da nəticəsində yalnız atlar deyil, insanlar da xeyli çəki alırlar.

Ölkənin hər yerində “Məhsul festivalları” başlanır. Buddizm ilə sıx bağlı olan yay festivallarından fərqli olaraq, payızda əhali səmimi qəlbdən şənlənir, bol məhsula görə təbiətə və yerli Allahlara minnətdarlıqlarını bildirirlər.

Təbii ki, payız fəsli Yaponiyada həm də “qırmızı yarpaqlar”ın gəlişi ilə diqqəti cəlb edir. Bu, sakuranın çiçəkləməsindən sonra Yaponiyada öz gözəlliyi ilə seçilən ikinci fəsil hesab edilir. Yaşından asılı olmayaraq təbiətə üz tutan insanlar onun yaratdığı gözəlliklərdən zövq alırlar. İstər şəhər, istərsə də kənd yerlərində təbiət qırmız və sarı rəngləri ilə göz oxşayır.

Sakura fəslindən fərqli olaraq, “qırmızı yarpaqlar” fəsli Yaponiyada əks istiqamətdə, şimaldan cənuba doğru hərəkət edir. Yəni payızın gəlişi ilə yarpaqlar yaşıl rənglərini şimaldan cənuba doğru qırmızı və sarı rənglərə dəyişirlər. Qırmızı yarpaqlar fəsli adətən öz başlanğıcını sentyabrın ortalarında Hokkaydo adasında yerləşən Taysetsu-zan dağ silsiləsindən götürür və üç ay ərzində cənuba doğru yavaş-yavaş hərəkət edir. Onun yolu boyunca yerləşən Tohoku, Kanto, Kansay, Şikoku və Kyüşü regionlarındakı dağları rəngarəng boyalara bürüyür. Havanın temperaturunun 10 dərəcədən yuxarı olmadığı günlərin sayı artdıqca ağacların da yarpaqları sarı və qırmızı rənglərə boyanırlar. Adətən yarpaqların sarı və qırmızı rəng almasına bir aydan çox vaxt tələb olunur. Payızın ən gözəl dövrü məhz soyuqların başlamasından 20-25 gün sonra müşahidə edilir. Əgər Hokkaydo da bu oktyabra təsadüf edirsə, Tohoku regionunda noyabrın əvvəllərində, Kantoda (Tokio və ətrafı) və Kansayda isə noyabrın sonlarında müşahidə olunur.

Biosfer.az AZƏRTAC-a istinadən Tokionun payız görüntülərindən fotosessiyanı təqdim edir.

Paylaş