Albaniyada zəlzələdən sonra dağıntılar altından 28 nəfər xilas edilib

Google+ Pinterest LinkedIn Tumblr +

Albaniyada baş verən güclü zəlzələdən sonra dağıntılar altından 28 nəfər xilas edilib.

Biosfer.az “Albanian Daily News” qəzetinə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Edi Rama deyib. “Dağıntılar altından xilas edilən insanların sayı 28 nəfərə çatıb. Türkiyə, İtaliya, Yunanıstan, Fransa, Serbiya, Monteneqro və Kosovodan gələn xilasedicilər axtarışlarda iştirak edəcək”, – deyə baş nazir bildirib.

Xatırladaq ki, noyabrın 26-da səhər saatlarında Albaniyanın paytaxtı Tirana yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ardından beş baldan yuxarı bir neçə afterşok qeydə alınıb. Son məlumata görə, təbii fəlakət nəticəsində 13 nəfər həlak olub, 300-dən artıq insan xəsarət alıb, çox sayda insan isə itkin düşmüş sayılır.

Yeraltı təkanlar zəlzələnin episentrinə yaxın olan Tirana, həmçinin Durres şəhərlərində daha çox hiss edilib. Nəticədə bir neçə bina dağılıb. Ölkədəki bütün məktəblər bağlanıb. Tirananın mərkəzi hospitalında yaralıları ziyarət edən Prezident İlir Meta vəziyyəti dramatik adlandırıb.

Yerli hakimiyyət orqanları dağıntıların altında hələ də insanların qala biləcəyini istisna etmir.

Paylaş