Ağacların əkin vaxtı və qaydaları – mütəxəssis rəyi

Google+ Pinterest LinkedIn Tumblr +

Payız mövsümündə əkiləcək ağacların bitiş faizinin yüksək olması, əkin qaydaları, üsulları və əkin zamanı yerinə yetirilməsi vacib sayılan texniki göstəricilər barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov tövsiyələr verib.

Biosfer.az xəbər verir ki, mütəxəssisin payız əkini oktyabrın axırı, noyabrın əvvəllərində aparılsa daha məqsədəuyğundur. Havalar soyuyana qədər əkin işləri başa çatdırılmalıdır.

Ağaclar əkilməmişdən öncə ərazi düzləşdirilməli, təmizlənməli, 2 dəfə çarpaz şumlanmalı, malalanmalı və sxemə uyğun cərgələr çəkilməlidir. Ağacın və torpağın xüsusiyyətinə uyğun olaraq 40 və ya 50 santimetr enində və dərinliyində çalalar qazılmalı, ağac tingləri münbit torpaq və üzvi gübrə qarışığı ilə çalanın düz ortasında əkilməlidir.

Qrunt sularının torpağın səthinə yaxın olduğu sahələrdə isə ting əkiləcək cərgələr münbit torpaq verilməklə hündürləşdirilməli, daha sonra əkin aparılmalıdır.

Meyvə ağaclarının münbit torpaqlarda əkilməsi vacib şərtlərdən biridir. Məhsulun bol olması və ağacın yaxşı inkişaf etməsi üçün ağaclara növbəli gübrə vermək lazımdır. Gübrələmədən sonra ağac yaxşı inkişaf edir və bu məhsuldarlığa müsbət təsir göstərir. Payızda verilən üzvi və mineral gübrələr (kalium, fosfor) isə torpağın tərkibini zənginləşdirir ki, bu da bitki üçün əsas vacib elementlərdəndir. Ağaclarda budama isə ağac əkildikdən 2 il sonra, əsasən də payız mövsümündə aparılır.

Qış mövsümündə isə ağaclarda inkişaf dayandığından əlavə heç bir iş aparılmır.

Paylaş