100-dən çox şəxsə ovçuluq bileti verildi

Google+ Pinterest LinkedIn Tumblr +

İki ay müddətində “ASAN xidmət” vasitəsilə 100-dən çox şəxsə ovçuluq bileti verilib. Lakin hələ ki, xarici ölkə vətəndaşlarına ovçuluq biletlərinin verilməsi nəzərdə tutulmur. Buna səbəb xarici ölkələrin qanunvericiliyinin fərqli olmasıdır.

Biosfer.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

“Ov icazələri nazirliyin vətəndaşların yaşadıqları bölgələrdə fəaliyyət göstərən regional idarələrinə müraciət etmələri ilə verilir. Vətəndaşlar ovçuluq biletlərini həmin idarələrə təqdim edir və icazə alırlar. Lakin ov icazələrinin qiyməti heyvan və quşların növlərindən asılı olaraq dəyişir”, – deyə H.Əlizadə qeyd edib.

Qanunsuz ov hallarının payız-qış mövsümlərində daha çox qeydə alındığını bildirən departamentin direktoru deyib: “İnzibati Xətalar Məcəlləsində qanunsuz ova görə cərimələr öz əksini tapıb. Bununla yanaşı, istər yerli, istərsə də xarici vətəndaşlar ov edərkən təbiətə vurduğu ziyana görə əlavə cərimə ödəyirlər. Ümumiyyətlə, təbiətə dəyən zərərin məbləği 400 manatdan çox olarsa, həmin şəxs barəsində cinayət işi açılır”.

Nazirliyin rəsmisi bir neçə gün əvvəl Mahmudçala Ovçuluq Təsərrüfatında iki xarici vətəndaşın ov qaydalarını pozduğuna görə saxlanıldığını və onların hər birinin 2 min manat məbləğində cərimələndiyini deyib. O qeyd edib ki, həmin şəxslərin ölkədən çıxarılması və ya gələcəkdə Azərbaycana səfərinin qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edilib.

Paylaş