Dağlıq və dağətəyi rayonlarda meşəcinsli ağacların əkilmə qaydaları – mütəxəssis rəyi

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayında bir gündə indiyədək görünməmiş sayda, 650 min ağac əkiləcək.

Bu təşəbbüsün həyata keçirilməsi ərəfəsində ağacların əkin qaydaları, üsulları, təbii şəraitə və relyefə uyğun ağac seçimləri, əkilən ağacların bitiş faizinin yüksək olması üçün nə edilməli, mütləq olaraq yerinə yetirilməsi vacib sayılan texniki göstəricilər barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov ağac əkmək təşəbbüsünə qoşulmaq istəyənlərə AZƏRTAC-ın saytında mütəmadi olaraq öz tövsiyələrini verir.

Bu dəfə nazirliyin əkinçilik üzrə mütəxəssisi dağlıq və dağətəyi rayonlarda meşəcinsli ağacların əkilməsi qaydaları barədə danışıb.

– Dağlıq və dağətəyi rayonlarda hansı meşəcinsli ağaclar əkilməlidir?

– Dağlıq və dağətəyi rayonlarda yerli iqlim şəraitinə uyğun vələs, fıstıq, palıd, adi şam, dəmirağac, ağcaqayın, tozağacı, göyrüş, cökə, ardıc və s. ağaclar əkilir.

– Meşəcinsli ağacları əkərkən nələrə diqqət yetirilməlidir?

– Dağlıq və dağətəyi rayonlarda meşəcinsli ağacların əkilməsi torpaqqoruyucu, susaxlayıcı, iqlimtənzimləyici və s. məqsəd daşıyır. Ağaclar əkilən zaman, ilk növbədə, yerin seçilməsinə diqqət yetirilməlidir. Əkinin mailliyi 10 dərəcədən yuxarı olan yerlərdə 40-50 santimetr dərinlikdə və 40-50 santimetr diametrində şahmat üsulu ilə çala qazılaraq aparılması məqsədəuyğundur. Ağac tingləri münbit torpaq və üzvi gübrə qarışığı ilə çalanın düz ortasında əkilməlidir. Cinsindən asılı olaraq meşə tingləri terraslarda 2×2, maillik 10 dərəcədən aşağı olan sahələrdə isə 3×1, 3×2, 4×1, 4×2 sxemlərində əkilməlidir. Dağlıq ərazilərdə ağaclar əkilərkən çalaların ətrafı yağış sularının yığılması üçün su saxlayıcı formaya salınmalıdır.

Dağlıq və dağətəyi ərazilərdə qışı sərt keçən bölgələrdə əkinin yazda aparılması daha məsləhətlidir. Əgər tinglər payız mövsümündə əldə olunubsa, yazda əkmək üçün tingləri müvəqqəti basdırmaq lazımdır. Əkiləcək tinglər 2 illik, kök boğazı ən azı 10-12 millimetr, kök sistemi isə 30-35 santimetr olmalıdır. Əkilməmişdən əvvəl tinglərin mil kökləri kəsilməlidir ki, onlar yaxşı inkişaf etsin.

Ağacların yaxşı inkişaf etməsi və bitiş faizinin yüksək olması üçün, eyni zamanda, onlara üzvi və mineral gübrə verilməlidir. Azot, fosfor və kalium gübrələrindən də istifadə etmək olar. Əkilən ağaclara mütəmadi xidmət göstərilməli və suvarma işləri aparılmalıdır. Ağaclara qulluq məqsədilə dibləri yumşaldılmalı (bu proses 2 dəfə suvarmanı əvəz edir), ətrafı alaq otlarından təmizlənməlidir. Budama əsasən əkinin 2-ci ilindən sonra aparılır.

Paylaş