Ekoloji cinayətkarlığa yol verən 182 nəfər məsuliyyətə cəlb edilib

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin təyinatının bir hissəsi ekoloji cinayətkarlığa, brakonyerliyə, ov qaydalarının pozulmasına qarşı mübarizə, balıq və digər su bioresurslarının mühafizəsi sahəsində profilaktik tədbirlər həyata keçirməkdən ibarətdir.

Ekoloji cinayətkarlığa, brakonyerliyə qarşı mübarizə sahəsində Xəzər dənizində və respublikanın digər sututarlarında keçirilmiş tədbirlər nəticəsində doqquz ay ərzində Su Nəqliyyatında Polis İdarəsinin İstintaq bölməsində 96 cinayət işinin araşdırılması aparılıb, ekoloji hüquqpozmalar sahəsində 84 inzibati xəta faktı aşkar edilib. Cinayət və inzibati xəta törətdiklərinə görə 182 nəfər məsuliyyətə cəlb olunub, onlardan qanunsuz balıqovlamada istifadə olunan 45 qayıq, 241 tor, 9 mühərrik və başqa ov vasitələri, 9 ton 444 kiloqram müxtəlif növ balıq, 4011 ədəd krivet və digər su bioresursları götürülüb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Su Nəqliyyatında Polis İdarəsinin brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib.

Bölmə rəisinin sözlərinə görə, cinayət hadisələri nəticəsində təbiətə 42 min manat ziyan vurulub. Bundan istintaq zamanı 20 min manatı ödənilib. İnzibati xəta faktları törədənlər isə 6780 manat cərimə ediliblər: “Su Nəqliyyatında Polis İdarəsinin rəhbərliyinin göstərişi ilə polis əməkdaşları Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edərək qeyri-qanuni, kustar üsulla hisə verilmiş balıq məhsulları hazırlayan şəxsləri aşkarlayıb, barələrində tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə Qida Təhlükəsizliyi Agentliyinə göndərilib. Eyni zamanda, Xəzər dənizi akvatoriyasında və respublikanın digər sututarlarında keçirilmiş tədbirlər nəticəsində partlayıcı maddələrdən və elektrik gücləndiricilərdən istifadə edərək balıq ovlayan şəxslər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.

Xəzər dənizinin sahilində yerin təkinin qorunması və istifadə qaydalarını pozaraq qanunsuz qum, balıqqulağı yüklədiklərinə görə vətəndaşlar saxlanılıb, fakt sənədləşdirilib və təhqiqata təhvil verilib.

Son vaxtlar ölkə rəhbərinin apardığı məqsədyönlü tədbirlər nəticəsində respublika ərazisində, regionlarda akvakulturanın inkişafı sayəsində, süni göllərin yaradılması nəticəsində yeni iş yerlərinin açılması ilə əlaqədar brakonyerliklə məşğul olanların sayı azalıb. Buna baxmayaraq, həmin sahədə görüləcək işlər hələ də çoxdur”.

Paylaş