Hazırda 550 nohurçuluq təsərrüfatının qeydiyyata alınması ilə bağlı işlər davam edir

Google+ Pinterest LinkedIn Tumblr +

Hazırda ölkədə balıqçılığın tənzimlənməsi, balıq ovu qaydalarına riayət edilməsi, balıqçılığın sivil yollarla aparılmasının təmin olunması ən aktual, prioritet və vacib məsələlərdən biridir. Bu sahədə aidiyyəti dövlət qurumları tərəfindən silsilə tədbirlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə oktyabrın 11-də keçirilən tədbirdə deyib.

“Əgər biz qısa tarixi təhlil etsək görərik ki, son bir-iki il ərzində, ilk növbədə, akvakulturanın, nohur balıqçılığının inkişafı sahəsində çox böyük addımlar atılıb. Uzun illər qeyri-qanuni fəaliyyət göstərən nohurçuluq təsərrüfatlarının inventarizasiyası, icazəsiz, xüsusən torpaq kateqoriyası uyğun olmayan ərazilərdə fəaliyyət göstərən, müəyyən özbaşınalıqlarla üzləşən təsərrüfatların qeydiyyata alınması üçün sənədlər hazırlanır. Hazırda ölkədə olan 894 təsərrüfatın 550-nin qeydiyyata alınması ilə bağlı işlər davam edir və yaxın zamanlarda onların aidiyyəti qurumlarla birlikdə kateqoriyasının dəyişdirilməsi və həmin təsərrüfatların qanuni fəaliyyət göstərməsi təmin ediləcək. Adi bu fakt o deməkdir ki, həmin təsərrüfatda işləyənlər təminat alacaq, minlərlə insanın qanuni və uzunmüddətli işlə təmin olunması həyata keçiriləcək. Bununla da qida təhlükəsizliyi məsələsi təmin olunacaq”, – deyə H.Əlizadə qeyd edib.

Paylaş