Qasırğaya görə 700-dək aviareys ləğv olundu

Google+ Pinterest LinkedIn Tumblr +

Cənubi Koreyada “Mitaq” qasırğasının yaxınlaşması səbəbindən 700-ə yaxın aviareys ləğv olunub.

Biosfer.az xəbər verir ki, qasırğa Çedjudo adasının qərbindəki akvatoriyanı keçərək saatda 30 kilometr sürətlə Koreya yarımadasına doğru irəliləyir. Təbii fəlakətin yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə 17:00) ölkənin cənub-qərbində yerləşən Mokpxo şəhərinə çatacağı gözlənilir.

Qasırğanın yaxınlaşması səbəbindən ölkədə 680 aviareys ləğv olunub, 69 dəniz marşrutunun fəaliyyəti dayandırılıb, milli parklarda 500-dən çox piyada yolu bağlanılıb. Yerli hakimiyyət orqanları bir sıra populyar festivalları ləğv etmək məcburiyyətində qalıb.

Koreya Respublikası Meteorologiya Agentliyinin məlumatına görə, hazırda qasırğa daxilində küləyin sürəti saniyədə 27 metrə çatır. Ölkənin cənub rayonlarında güclü leysan yağışları gözlənilir.

İndiyə qədər təbii fəlakət səbəbindən üç nəfərin yüngül xəsarətlər aldığı, 27 nəfərin isə evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilir. Eyni zamanda 47 binaya və 13 məktəbə zərər dəyib, 949 ailə elektriksiz qalıb.

Hakimiyyət orqanları əhalini vacib olmadığı təqdirdə evdən çıxmamağa çağırıb.

Paylaş