37 şəhər və rayonda 200-dən çox konteyner quraşdırılıb

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə təmizlik aksiyalarını mütəmadi olaraq təşkil edir. Burada əsas məqsəd təkcə sahilyanı əraziləri tullantılardan təmizləmək deyil. Hədəfimiz geniş ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək, tullantıların ətraf mühitə atılmasının qarşısının alınmasına, onların düzgün idarə olunmasına, beynəlxalq təcrübəyə uyğun olaraq çeşidlənib təkrar emala cəlb edilməsinə nail olmaqdır. Çimərlik mövsümü başlamazdan əvvəl burada aksiya keçirdik və ərazini tamamilə tullantılardan təmizlədik. Bugünkü aksiya zamanı isə ərazidə daha çox tullantının toplandığının şahidi olduq. Bu o deməkdir ki, əhalinin maarifləndirilməsi istiqamətində daha çox işlər görülməlidir.

Biosfer.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev sentyabrın 21-də Buzovna çimərliyi ərazisində “Xəzəri qoruyaq” şüarı altında keçirilən təmizlik aksiyası zamanı jurnalistlərə müsahibəsində deyib.

Sektor müdirinin sözlərinə görə, nazirlik ötən ildən başlayaraq tullantıların toplanması ilə əlaqədar xüsusi konteynerlər hazırlayır: “Ölkə üzrə plastik və təkrar emal üçün yararlı olan tullantıların toplanması istiqamətində mütəmadi tədbirlər görülür. Hazırda bu məqsədlə 37 şəhər və rayonda 200-dən çox belə konteyner quraşdırılıb. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Nərimanov rayonunda tullantıların çeşidlənməsinə yönələn pilot layihə icra olunur. Həmin layihə çərçivəsində əhalinin tullantıların çeşidlənməsinə cəlb olunması ilə bağlı tədbirlər keçirilir. İlkin nəticələr də ürəkaçandır. Ümid edirəm ki, tezliklə bütün ölkə üzrə tullantıların çeşidlənməsinin tətbiqinə başlanılacaq. Hesab edirəm ki, bugünkü aksiya ictimaiyyətin, dövlət qurumlarının bu məsələyə diqqətini artıracaq və getdikcə belə aksiyalara ehtiyac qalmayacaq”.

Paylaş