Arktikada 500 tondan çox metal tullantısı toplanıb

Google+ Pinterest LinkedIn Tumblr +

Şərq Hərbi Dairəsinin hərbi qulluqçuları bu il yay mövsümündə Arktikada Vrangel adasında və Oxot dənizində Böyük Şantar adasında 200 tondan çox metal tullantısı toplayıblar.

Biosfer.az “RİA Novosti”yə istinadla xəbər verir ki, hərbi ekoloqlar Böyük Şantar adasında 1700-dən çox, ümumi çəkisi təqribən 55 ton olan boş metal çəlləyi presləyib, köhnəlmiş bir tikilini söküblər. Vrangel adasında 150 tondan çox metal tullantısı toplanıb və xüsusi konteynerlərə yığılıb, iki hektara yaxın torpaq sahəsində rekultivasiya işləri aparılıb.

Metal qırıntıları Vrangel adasından bu ilin sonuna qədər, Böyük Şantar adasından isə 2020-ci ildə daşınıb aparılacaq. Ekoloqlar özləri və onların istifadə etdiyi avadanlıq helikopterlərlə “böyük torpağ”a göndərilib.

Şimal Donanmasının mətbuat xidməti bildirib ki, onların ekoloji vzvodunda xidmət edən hərbi qulluqçular da Arktikada təmizləmə işləri aparıblar. Laptevlər dənizindəki Kotyolnıy adasında 2,5 ay ərzində 360 ton metal qırıntısı toplanıb. Bu, planda nəzərdə tutulandan 20 faiz çoxdur. Adanın təmizlənməsi işləri 2020-ci ildə də davam etdiriləcək.

Paylaş