İctimai çimərlikdə təmizlik aksiyası təşkil olundu

Google+ Pinterest LinkedIn Tumblr +

Sentyabrın 14-də IDEA İctimai Birliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, “Təmiz Şəhər” ASC və Bakı Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilə növbəti ənənəvi sahilyanı təmizlik aksiyası keçirilib.

Biosfer.az xəbər verir ki, Beynəlxalq Sahilyanı Təmizlik Günü, eyni zamanda, çimərlik mövsümünün bitməsi ilə əlaqədar təşkil edilən təmizlik aksiyası Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Buzovna qəsəbəsində yaradılmış ictimai çimərlikdə təşkil olunub. Aksiyaya 400 nəfərdən çox könüllü gənc qoşulub.

Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Qeyd edək ki, IDEA İctimai Birliyi tərəfindən paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklərin yaradılmasına cari ilin avqust ayında başlanıb. Birliyin təşəbbüsü ilə Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbə çimərliklərinin ərazisində olmaqla ümumilikdə 6 ictimai çimərlik əhalinin istifadəsinə verilib. Sözügedən çimərliklərdə insanların rahat, təmiz və təhlükəsiz məkanda pulsuz istirahət edə bilməsi üçün oturacaqlar və sanitar qovşaq quraşdırılıb, voleybol üçün meydança salınıb, zibil qutuları yerləşdirilib.

“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətinin rəhbəri Elmar Məlikov bildirib ki, ölkəmizdə son dövrlərdə ətraf mühitin mühafizəsi ilə bağlı çox böyük işlər və layihələr reallaşdırılır: “IDEA İctimai Birliyi vətəndaş cəmiyyəti adından çıxış edərək daim belə ekoloji təmizlik aksiyaları təşkil edir. ASC “Təmiz Şəhər”də bu layihələrə, aksiyalara biganə qalmır. “Sahillər təmiz qalsın” şüarı altında keçirilən təmizlik aksiyası Xəzər dənizi sahillərində gənclərin kütləvi iştirakı ilə baş tutan sayca 14-cü aksiyadır. Bu tədbirdə də 400-dən artıq gəncin iştirakı bu işə böyük maraqdan xəbər verir. Aksiya zamanı zəruri sanitar ləvazimatlarla təmin olunmuş iştirakçılar çimərlikdən topladıqları tullantıları birgə çeşidləyərək çimərliklərdə ən çox müşahidə olunan zibilləri müəyyən ediblər. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika da cəlb olunub. Daha sonra, bütün tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil veriləcək”.

Könüllülər Azər Şükürov, Jalə Şərifova, Elman Əliyev və digərləri belə ekoloji aksiyaların ətraf mühitin və biomüxtəlifliyin qorunması baxımından əhəmiyyətini yüksək qiymətləndiriblər. Onlar bu nəcib təşəbbüsə, eləcə də aksiyada gənclərin fəal iştirakı üçün yaradılmış imkana görə IDEA İctimai Birliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları DJ-lərin səsləndirdiyi musiqi sədaları altında çimərlikdən 3 tona yaxın tullantı toplayıblar. Daha sonra tullantılar çeşidlənərək çimərliklərdə ən çox müşahidə olunan zibillər müəyyən edilib.

IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları təşkil edir. Birlik bütün təbiətsevərləri ekoloji problemlərin həlli istiqamətində təşkil edilən aksiyalara biganə yanaşmamağa və ətraf mühitin qorunmasına öz töhfələrini verməyə çağırır.

Paylaş