Havanın çirklənməsi 351 adamın ölümünə səbəb oldu

Google+ Pinterest LinkedIn Tumblr +

Barselonanın İctimai Səhiyyə Agentliyinin (ASPB) hesablamalarına görə 2018-ci ildə Kataloniyanın paytaxtında havanın çirklənməsinin yüksək səviyyədə olması səbəbindən 351 adam ölüb. Səhiyyə üzrə müşavir Cemma Tarafa deyib: “Keçən il şəhərdə Dünya Səhiyyə Təşkilatı tərəfindən qeydiyyata alınmış PM2.5 çirkləndiriciləri yüksək səviyyədə olub. Artıq 20 ildir ki, bu vəziyyət davam edir. ASPB-nin hesablamalarına görə, 2010-cu ildən 2018-ci ilə qədər bu mikrohissəciklərin təsiri nəticəsində 3749 nəfər ölüb”.

AZƏRTAC xəbər verir ki, Barselona şəhər şurasının 95 kvadrat kilometr sahədə “tullantıların aşağı səviyyədə olduğu zonalar” (ZBE) müəyyən edilməsi haqqında qərarı üzərində iş tamamlanmaqdadır. Bu ərazi bir neçə rayon istisna olmaqla bütün Barselonanı əhatə edir.

2020-ci il yanvarın 1-dən etibarən Barselonanın “tullantıların aşağı səviyyədə olduğu zonasında” Baş Yol Hərəkəti İdarəsinin xüsusi nişanı olmayan dizel mühərrikli avtomobillərin hərəkəti qadağan ediləcək. Şura trafikləri 7 faiz azaltmağa və beləliklə, ətraf mühitin vəziyyətini qismən də olsa yaxşılaşdırmağa çalışır.

Ekspertlər paytaxtın nəqliyyat şəbəkəsini təkmilləşdirməyin, yeni parklama yerləri və Barselonaya birbaşa avtobus yolları tikintisinin zəruri olmasını vurğulayıblar. Nəzərdə tutulan tədbirlər siyahısına Barselonaya elektromobillər və taksi maşınları gətirilməsi də daxildir.

Paylaş