Kür və Araz dünyanın ən bulanıq çaylarıdır – BİZ NƏ İÇİRİK?

Google+ Pinterest LinkedIn Tumblr +

Hazırda bütün dünyada su mənbələrinin çirklənməsi aktual problemə çevrilib. Su mənbələrinin çirklənməsi dedikdə, suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və axıdılması başa düşülür. Su obyektlərinin əsas çirklənmə mənbələrini istilik elektrik stansiyaları, metallurgiya, neft-kimya sənayesi müəssisələri də daxil olmaqla, bütövlükdə sənaye və məişət tullantıları təşkil edir.

Su mənbələrinin çirklənməsi suyu əhalinin içməsi və təsərrüfat işlərində istifadəsi üçün yararsız etməklə bərabər, həmin hövzələrdəki biomühitə də olduqca mənfi təsir göstərir.

Azərbaycanın bir çox bölgələrində təmiz içməli su əldə etmək çətindir. Ölkədə ərazinin bir vahidinə və adambaşına düşən suyun miqdarı müvafiq olaraq qonşu Gürcüstanla müqayisədə 7,7 və 8,3, Ermənistanla müqayisədə isə 2,2 və 1,7 dəfə azdır. Bu məsələ ilə bağlı Xəzər Universitetinin “Coğrafiya ve ətraf mühit” departamentinin müdiri, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasova müraciət etdik. Onun sözlərinə görə, Azərbaycanın əsas su mənbələri transsərhəd Kür və Araz çaylarıdır. Bu çaylar qonşu Türkiyə, İran, Gürcüstan və Ermənistanda fasiləsiz olaraq çirklənməyə məruz qalır. Kür və Araz çaylarının suyu onların hövzələrində yaşayan 11 milyon insanın yaxşı təmizlənməyən və ya heç təmizlənməyən tullantıları ilə çirklənir. Qeyd edildiyi kimi, ölkənin əsas su təchizatı mənbələri olan bu iki çay çox çirklidir. Onların suyunun tərkibindəki bəzi çirkləndiricilərin miqdarı isə yolverilən konsentrasiya hədlərindən 4-5 dəfə çoxdur. Məsələn, Araz çayında fenolların və bioloji mənşəli maddələrin miqdarı 11.8 -151.3 mq/l təşkil edir ki, bu da yolverilən həddən iki dəfədən də çoxdur (www.eco.gov.az). Lazımi qaydada təmizlənmədən bu sudan istifadə etmək olmaz. Gübrələrin və pestisidlərin axması, eləcə də zavodların tullantılarının axıdılması nəticəsində Kür çayının suyu da çox çirklənib (www.eco.gov.az).

Müəssisələrin su hövzələrini çirkləndirməsi məsələsinə toxunan ekspert dedi: “Mədən sənayesi müəssisələrinin tullantıları Kür çayının hövzəsindəki kiçik su axınlarının əksəriyyətinin suyunun xeyli çirklənməsinə səbəb olur.  Son 50 il ərzində bəzi axınların suyunda metalların (Cu, Fe, Al) konsentrasiyası Azərbaycan və Ermənistan ərazisində aparılan dağ-mədən işlərinin təsiri ilə artmağa davam edib. Kür çayı hövzəsinin yuxarı hissələrində suyun çox çirkli olması çayın axınının aşağı hissələrində yerləşən bölgələrdə su mənşəli xəstəlikləri minlərlə kənd sakinlərinin sağlamlığı üçün ciddi təhlükəyə çevirib, ağır iqtisadi itkilərlə nəticələnib”.

Kür və Araz çayları dünyanın ən bulanıq suyuna malik çaylardır. Bu barədə də ekoloq öz narahatlığını bildirdi: “Bəli, Kür və Araz çaylarının dünyanın ən bulanıq suyuna malik çaylar olduğu iddia edilir. Bu, onların suyunun təmizlənməsinə çəkilən xərcləri artırır. Bu çayların suyunda çöküntülərin miqdarı çoxdur və buna görə də, suyun götürüldüyü nöqtələrə yaxın ərazilərdə çöküntü yükünün azaldılması və içməli su standartlarının tələblərini yerinə yetirmək üçün iri təsislərin qurulmasına ehtiyac var. Kür çayından suyun götürülməsi üçün onun Araz çayı ilə qovuşduğu yerdən aşağıda müvafiq təsislər quraşdırılıb.

Kənd yerlərində evlərin və məktəblərin təxminən 80 faizi mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşulmayıb. İkinci dərəcəli qəsəbələrin ancaq yarısı çirkab suyu və kanalizasiya sistemləri ilə təchiz edilib. Çirkab sularının idarə olunmasının lazımi səviyyədə təşkil olunmaması və xəndəklərə axıdılan çirkab sularının suvarma sistemlərinə və ya yaxınlıqdakı su axınlarına sızması əksər yaşayış məskənlərində ciddi problemlər yaradıb. Dağlıq və ovalıq ərazilərdə də oxşar problemlər müşahidə olunur. Şirvan və Qarabağ kanalları ərazisindən keçdikləri Aran İqtisadi Zonasının həm əsas suvarma suyu, həm də içməli su mənbələridir.  18 rayonun su təchizatı məhz bu iki kanaldan asılıdır”.

Rövşən Abbasovun sözlərinə görə, hökumət ölkədə su təchizatının və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində ciddi səylər göstərib. 2017-ci ildə Mingəçevir şəhərində yeni sutəmizləyici qurğu istifadəyə verilib. Bakı şəhərinin mərkəzləşdirilmiş su təchizatı sistemi 2000-ci ildə 1,56 milyon nəfərə xidmət edirdisə, 2014-cü ildə bu göstərici 2,366 milyona çatıb. 2011-ci ildən 2013-cü ilə qədər həyata keçirilən müxtəlif layihələr sayəsində əlavə olaraq 600000 nəfərin fasiləsiz su təchizatı təmin edilib. Hal-hazırda Bakı şəhərinin əhalisinin 78 faizi fasiləsiz içməli su ilə təchiz olunub. Ancaq 2014-cü ildə aparılmış sorğunun nəticələri göstərir ki, Bakıda yaşayan ailələrin 90 faizi qablaşdırılmış sudan istifadə etmək istəyərdi, çünki kran suyu əsas keyfiyyət standartlarına cavab vermirdi. Bakı əhalisinin əksər hissəsinin içməli su təchizatı hələ də Kür çayından asılıdır. Ətraf yaşayış məskənləri ilə birlikdə sayı 4 milyonu keçən Bakı əhalisinin təxminən 25 faizi Kür çayının aşağı hissələrindəki sugötürmə təsisləri vasitəsi ilə təmin edilən sudan istifadə edir. O ki qaldı Abşeron regionuna, bura üçün qrunt suyunun çirkli olması xarakterikdir. Neftin axıdılması və boru xətlərindən, çənlərdən baş verən sızmalar nəticəsində qrunt suyu neft məhsulları, ağır metallarla çirklənir və yəqin ki, əlavə olaraq radiasiya çirklənməsinə məruz qalır…

Yeganə Məmmədova

Paylaş