Bəşəriyyətə ciddi təhlükə – GMO

Google+ Pinterest LinkedIn Tumblr +

Biz tədricən zəhər istehsal edib yüksək qiymətlərlə onu bizə satan və qidalanmağa məcbur edən “adamyeyənlər”in girovuna çevrilirik. Ciddi müqavimət göstərməsək, çox çəkməyəcək, məhv olacağıq…

XXI əsrin biotexnologiyalar əsri olacağı gözlənilirdi. Lakin bu sahədə modernləşmə heç də hər vaxt insanın xeyrinə olmur. ABŞ-ın Ekoloji Tibb Akademiyasının üzvləri ölkədə transgenlərdən istifadənin moratoriumunu elan etməyə və həmkarlarını GMO-nun (geni modifikasiya olunmuş orqanizmlər) xəstələrin sağlamlığına təsirini izləməyə çağırmışlar. Bütün dünyanın ekspertləri həyəcan təbili çalır: elmin gələcəkdə transmilli korporasiyaların tamahkar maraqlarına tabe olması milyonlarla insanın sağlamlığını təhlükədə qoya bilər. O cümlədən də, Azərbaycanda…

Bu barədə ekoloq alim Telman Zeynalov öz fikirlərini bizimlə bölüşdü.

– Telman müəllim, dünya alimləri GMO-nun insan orqanizminə zəhərləyici təsirindən danışır, bu təhlükənin ciddi olduğunu, bəşəriyyəti məhv edə biləcəyini vurğulayırlar. Amma GMO hələ də var, hələ də bu məhsullar insanlara, heyvanlara, bitkilərə öz təsirini göstərməkdədir. Azərbaycanda vəziyyət necədir?
– Azərbaycan bazar iqtisadiyyatı yolunu seçib. Burada biznes və kommersiya mühüm rol oynayır. Amma çox təəssüf ki, bir çox insafsız sahibkarlar böyük mənfəət xatirinə tez-tez keyfiyyətsiz məhsulları əhaliyə satır. Bu xüsusilə o vaxt təhlükəlidir ki, bazara öyrənilməmiş və ya kifayət qədər öyrənilməmiş texnologiyalara əsaslanan mallar daxil olur. Səhvlərdən yan keçmək üçün bu məhsulların istehsalı və yayılmasına dövlət səviyyəsində ciddi nəzarət zəruridir. Lazımi nəzarətin olmaması ciddi səhvlərə və ağır nəticələrə səbəb ola bilər – necə ki, ərzaq məhsullarında geni modifikasiya olunmuş orqanizmlər istifadə olunur. GMO-lara GM-bakteriyalar, GM-bitkilər və GM-heyvanlar aiddir.


– Ölkəmizdə GMO və onun yayılması hansı nəticələrə səbəb ola bilər?
– Azərbaycanda GMO-nun miqyaslı yayılması sonsuzluğa, onkoloji xəstəliklərin geniş yayılmasına, genetik eybəcərliklərə və allergik reaksiyalara, insanlar və heyvanlar arasında ölüm səviyyəsinin kəskin artmasına, biomüxtəlifliyin kəskin azalmasına və ətraf mühitin vəziyyətinin pisləşməsinə gətirib çıxarır.
Elmi ədəbiyyatlarda GMO-nun onkologiya ilə əlaqəsinə rast gəlirik. Ehtimal olunur ki, son vaxtlar bütün dünyada mədə-bağırsaq traktının, xüsusilə də düz bağırsağın onkoloji xəstəliklərinin artması və geniş yayılması GMO məhsulların istifadəsi ilə sıx bağlıdır.
GMO məhsulların insan orqanizminə təsiri hələ tam öyrənilməyib, nəticələri qabaqcadan bilmək olmur. Azərbaycanda aydın olmayan səbəblərə görə GMO-nun insanlara və heyvanlara təsirinin sınağı, praktiki olaraq elmi və klinik tədqiqatlar keçirilmir. Bu cür tədqiqatların aparılması böyük müqavimətlərlə qarşılaşır.
GMO-nun təhlükəsi barədə bir çox ölkələrin alimləri xəbərdarlıq etmişdi. Hələ 2000-ci ildə alimlərin gen mühəndisliyinin təhlükəsi haqqında bəyanatı, sonra isə GMO-nun yayılması ilə bağlı dünya alimlərinin bütün dövlətlərin hökumətlərinə açıq məktubu dərc olunmuşdu. Məktubu dünyanın 84 ölkəsindən 828 alim imzalamışdı. İndi bu imzalar daha çoxdur.


– Bir qədər GMO-nun alınması barədə məlumat verərdiniz.
– GMO-nun alınması hər hansı bitkiyə və ya heyvana (onun DNT-sinə) onların parametrlərinin dəyişdirilməsi məqsədilə yad genlərin “qoyulması”dır. Məsələn, quraqlığa, şaxtaya, həşəratlara, pestisidlərə və s. dözümlü bitkilər əldə etmək üçün bitkilər almaq məqsədilə. Nəticədə bu modifikasiya əsasında orqanizmin genomuna süni olaraq yeni genlər yeridilir və bu, onun gələcək yeni nəsillərinin inkişafında özünü tam göstərir.
– Bəs bu GMO-dan necə azad olmaq olar? Yəni bu, mümkün deyil?
– Bir çox ölkələr GMO məhsullardan qorunmaq üçün GMO olan məhsullarda markorovkalardan istifadə etməyə başladılar, bəziləri isə belə məhsulları çox aşağı qiymətə satışa çıxardılar. Bəzi ölkələr GM-bitkilərdən və GM-məhsullardan tam imtina etdilər və GMO-dan azad zonalar yaratmağa başladılar. Bir neçə ölkə: İsveçrə, Avstriya, Yunanıstan, Polşa, Venesuela, Fransa və Almaniya GMO-dan imtina edib.
GMO məhsullar Azərbaycan bazarına 90-cı illərdən ayaq açıb. Məsələn, bu gün qonşu Rusiyada GM-bitkilərin 16 xətti (qarğıdalı – 6 xətt, soya – 3 xətt, düyü – 2 xətt, çuğundur – 2 xətt) və 5 növ mikroorqanizmlər icazəlidir. İlk baxışdan çox deyil. Amma bu komponentlər digər məhsullara qatılır. GM-komponentlər çörək-bulka məmulatlarına, ət və süd məhsullarına, uşaqlar üçün qidalara qatılır. Azərbaycan həm Rusiyadan, həm də digər ölkələrdən çoxlu məhsullar idxal edir. Deməli, GMO məhsullardan bu gün Azərbaycan heç də sığortalanmayıb.
Bu bəladan tam olmasa da, bir qədər (cüzi) yan keçmək mümkündür. Uşaqlara süni qidalar yox, ana südünün verilməsi, daha çox təbii, keyfiyyətli qidaların qəbul edilməsi, təmiz içməli suyun qəbulu, satışda olan rəngli içkilərdən, enerji içkilərindən, saxlama müddəti çox olan məhsullardan imtina və s. yollarla özünüzü az da olsa, qoruya bilərsiniz.
2008-ci ildə BMT və Dünya Bankı iri biznesə və GMO-texnologiyalara qarşı çıxış etdi. Bu məruzənin hazırlanmasında 400-dən çox alimin iştirak etdiyi bildirilir. Məruzədə deyilirdi ki, dünyada planetin bütün əhalisini yedizdirmək üçün lazım olduğundan çox məhsul istehsal edilir. BMT ekspertləri iddia edirlər ki, yüz milyonlarla insanın aclıq içində yaşamasında günahkar iri biznesdir. O, öz siyasətini ərzaq məhsullarının süni qıtlığı üzərində qurur. BMT ilk dəfə olaraq kənd təsərrüfatında GMO-texnologiyalardan istifadəni pislədi, belə ki, bu texnologiyalar aclıq problemini həll etmir, ikincisi, əhalinin sağlamlığına və planetin gələcəyinə təhlükədir.
Düşünürəm ki, əhalini və ətraf mühiti yaxşı öyrənilməmiş GM-bitkilərdən qorumaq üçün GM-komponentlərin ərzaq məhsullarından məcburi markirovkasını tətbiq etmək, GMO-dan azad zonalar yaratmaq, məhsulları GMO istehsal və istifadə etməyən ölkələrdən idxal etmək, öz ölkəmizdə kənd təsərrfatını GMO-suz inkişaf etdirmək, icazə verilmiş GM-bitkilərdən onların təhlükəsizliyi elm tərəfindən, dünyanın qabaqcıl alimləri tərəfindən sübut edilməyincə qadağan etmək lazımdır.
Sonda demək istərdim ki, ekoloji təmiz və təhlükəsiz məhsulların inkişafı Azərbaycan üçün, onun əhalisinin sağlamlığının qorunması üçün prioritet istiqamət olmalıdır.

Yeganə Məmmədova

Paylaş