“Ekoloji təhlükəsizlik haqqında” qanunun tətbiqi barədə fərman

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycan respublikasının prezidenti İlham Əliyev “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

  1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

“Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyəti hüdudlarında həll etsin.

  1. Müəyyən edilsin ki:

“Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci hissəsinin 1.1.-ci bəndində, 2-ci hissənin 2.4-cü və 2.6-cı bəndlərində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinin 1.3.-cü bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər;

həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinin 1.2.-ci, 1.4.-cü – 1.10-cu bəndlərində, 2-ci hissəsinin 2.1.-ci – 2.3.-cü və 2.7-ci-2.9-cu bəndlərində, 11-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;

həmin Qanunun 5-ci maddəsinin 2-ci hissəsinin 2.5.-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir.

həmin Qanunun 9-cu maddəsində və 11-ci maddəsinin 2-ci hissəsinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında nazirliklər və digər mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

  1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılsın ki, bu Fərmanla onun səlahiyyətinə aid edilən məsələlərin həlli üçün lazımi tədbirləri həyata keçirsin.

 

 

Paylaş