Ekoloq alimdən həyəcan təbili: “Azərbaycanın flora və faunası tədricən məhv ola bilər”

Google+ Pinterest LinkedIn Tumblr +

“Allah bağışlayır. İnsanlar da bağışlayır. Təbiət heç vaxt bağışlamır” (İohann Volfqanq Höte, alman şairi, mütəfəkkiri)

Dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir.

İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin də əsası istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələridir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq qızma 2000 metr dərinliyə qədər çatır. Bu da isti axınların daha da qızmasına səbəb olur. Yəni bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir.

Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son onilliklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artıb.

Bu il iyul ayının 24-dən 28-ə kimi Tiflisdə Beynəlxalq “Ətraf mühit” mövzusunda beynəlxalq simpozium keçirilib. Simpoziumun əsas mövzuları iqlim dəyişmələri, sel, daşqın, alternativ enerji, meşə yanğınları, səhralaşma və quraqlıq olub.

Bu beynəlxalq tədbirdə Azərbaycandan texniki məsələlər üzrə fəlsəfə doktoru, ekoloq alim Telman Zeynalov iştirak edib. Simpoziumdan qayıdan Telman müəllimə iqlim dəyişmələri ilə bağlı suallarımızı verdik.

 

– Telman müəllim, simpoziumda Azərbaycan nümayəndəsi kimi çıxışınız necə qarşılandı?

– Bu simpozium nüfuzlu beynəlxalq tədbir idi. Müxtəlif ölkələrdən alimlər dəvət olunmuşdu. Mənim çıxışım Qlobal iqlim dəyişmələrinə – baş verə biləcək quraqlığa və aclığa qarşı texnologiyaların təklifindən ibarət idi. “Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını necə qaldırmalı, torpağın nəmliyini və məhsuldarlığını necə qoruyub saxlamalı” mövzusunda olan məruzəm maraqla dinlənildi, bəyənildi və ən çox verilən suallar CO2 (karbon qazı) ilə əlaqədar idi. Mən onlara sübut etdim ki, CO2  istilik yaratmır, əksinə Yer kürəsində yaşıllığın artmasına zəmin yaradır, ərzaq məhsullarının yarana biləcək qıtlığını aradan qaldırır.

– Qlobal iqlim dəyişmələrinin Azərbaycana təsiri barədə nə deyə bilərsiniz? Bu iqlim dəyişmələri insanlara, heyvanlar aləminə, bitkilərə necə təsir göstərir?

– Əvvəla deyim ki, “Qlobal iqlim dəyişmələri” deyilən bir şey yoxdur. Bunlar hamısı insanlar tərəfindən süni yaradılan problemlərdir. 1985-ci ildən başlayaraq, bizi qarşıda gözlənilən quraqlıqlar, içməli suyun tükənməsi, aclıq, meşə yanğınları, vulkan püskürmələri, sunamilər, dünyanın sonu (21 dekabr 2012-ci il) kimi yalan informasiyalarla məlumatlandırırlar. Mən bunu beynəlxalq tədbirdə də vurğuladım. İnsanlar bilməlidir ki, bütün bu hadisələr: quraqlıq, tornado, daşqınlar, zəlzələlər, meşə yanğınları və digər təbiət hadisələrinin çoxu kimlərinsə tərəfindən süni olaraq yaradılır.

Gördüyünüz kimi, Bakı və ətraf rayonlarda hazırda quraqlıq müşahidə olunur və bu səbəbdən ərzaq qıtlığı yarana bilər, qiymətlər daha da arta bilər.

Azərbaycan qıtlığı aradan qaldırmaq üçün geni dəyişilmiş toxumlara keçib ki,  bu da insanlarda bu və ya digər xəstəliklərin, o cümlədən xərçəng xəstəliyinin yayılmasına gətirib çıxara bilər. Bu da təkzibolunmaz və çox təəssüf doğuran faktdır ki, Azərbaycanda ərzaqların demək olar ki, 90%-i geni dəyişdirilmiş ərzaqlardır.

Azərbaycanın flora və faunası demək olar ki, tədricən məhv ola bilər. Çünki kənd təsərrüfatında görünüşü gözəl, keyfiyyətli görünən məhsul almaq üçün dünya biznes nəhənglərinin (“RAUNDAP”, “BAYER” və s.) istehsal etdiyi zəhərləyici kimyəvi maddələrdən əkin sahələrində bol-bol istifadə olunur, bu da ayrıca bir mövzudur və ümid edirəm ki, gələcəkdə bu barədə də söhbətimiz olacaq. Bu isə əkin sahələrində məhsulun artırılmasına yox, insanlarda bu və ya digər xəstəliklərin yaranmasına səbəb olmaqdadır, heyvanlar isə qidalandıqları geni dəyişdirilmiş yemlərin sayəsində tədricən məhv olacaq.

– Bəs bu iqlim dəyişmələrinə insanlar necə adaptasiya olacaqlar? Dünya təcrübəsində bunun üçün nə edirlər?

– O ki qaldı “iqlim dəyişmələrinə adaptasiya, uyğunlaşma, mən Tiflisdəki simpoziumda da bunu açıqlamışam – problemin kökünü öyrənmək üçün tarixi faktlara müraciət etdim və bildirdim ki, keçmiş SSRİ-də quraqlığa və digər iqlim hadisələrinə qarşı mübarizə sabit məhsul almaq və ölkənin ərzaq təhlükəsizliyini qoruyub saxlamaqla əlaqədar çox aktual olub. Mən tədbir iştirakçılarına “Təbiətin dəyişdirilməsi üzrə Böyük Stalin planı”nın aspektlərindən birinin gerçəkləşdirilməsindən danışdım. Bu planda meşəçiliyin inkişaf etdirilməsi məhsulun artmasını, torpaqların məhsuldarlığının yüksəlməsini, əkin sahələrinin quru və isti küləklərdən qorunmasını təmin edirdi. Hələ 1948-ci ildə Avropa İkinci Dünya müharibəsindən sonra öz təsərrüfatını bərpa etməmiş, SSRİ-də İ.V.Stalinin təşəbbüsü ilə Nazirlər Sovetinin və Mərkəzi Komitənin tarixi bir qərarı qəbul edildi. Bu qərar SSRİ-nin Avropa hissəsində yüksək məhsuldarlığı təmin etmək üçün meşələrin salınmasını, əkin sahələrinin suvarılması üçün su mənbələrinin tikintisini və s. nəzərdə tuturdu. Bununla da, müharibədən çıxmış nəhəng ölkədə quraqlığın nəticələri aradan qaldırıldı. Bu planın bütün dünya təcrübəsində miqyasına görə rəqibi yox idi. 1955-ci ildə həmin əkin sahələrindən yığılan məhsulla (120 milyon hektar sahədə yüksək məhsuldarlıq!) Yer kürəsinin yarısını yedizdirmək mümkün idi…

Sonrakı illər Stalinin ölümündən sonra Xruşşovun hakimiyyətə gəlişi ilə bu planın dayandırılmasına (1953-cü ildən sonra) qərar verildi və təkcə onu demək kifayətdir ki, meşələrin çoxu məhv edildi, su hövzələri qurudu, 1960-cı illərdə mağazalarda çörək, un, şəkər, kərə yağı və digər ərzaq məhsulları azaldı. Ətin qiyməti 30%, kərə yağının qiyməti 25% qalxdı. Aclığın qarşısını almaq üçün ölkənin ehtiyatlarından 600 ton qızıl satıldı və xarici ölkələrdən 13 mln. ton çörək alındı.

İndi Stalinin o planına bənzər proqramlar ABŞ-da, Çində, Qərbi Avropada qismən də olsa, yaşıllıqlar salmaqla reallaşır. Yaşıllıq qlobal istiləşmə təhlükəsinin qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir.

– İqlim dəyişmələrinin təsirini yüngülləşdirmək üçün hansı tədbirləri görmək lazımdır?

-Yaşıllıqlar salmaq, su mənbələrini çirkləndirməmək, içməli suyu qorumaq, ətraf mühiti təmiz saxlamaq, torpağı münbitləşdirmək üçün kimyəvi maddələrdən istifadə eməmək, atmosferi çirkləndirməmək, plastik qablardan, paketlərdən istifadə etməmək, GMO məhsullardan uzaqlaşmaq, onların ölkəyə idxalını qadağan etmək, yaşıllıqları məhv etməmək, əksinə, ağacları, kolları qorumaq və s.

Mən bir misal çəkim – yadınızdadırsa, 2010-cu ilin iyun-iyul aylarında Rusiyanın Avropa hissəısində və Azərbaycanda dəhşətli quraqlıq və subasmalar baş verdi. Həm Rusiyada, həm də Azərbaycanda bu təbiət hadisələri yüksək vəzifəli məmurları qəfil baş verən hadisə kimi haqladı. Subasmalardan sonra quraqlıq baş verdi və məhsullar məhv oldu. Nəticədə ərzaq məhsullarının qiyməti avtomatik olaraq bir neçə dəfə qalxdı. Bu, Rusiya və Azərbaycan hökumətləri üçün qəfil olsa da, bütün iş adamları, biznesmenlər və korporasiyalar bundan ancaq qazandılar. Əvvəlki illərdə baş verən quraqlıqdan bilmək olardı ki, bu təhlükə çox ciddidir və ona qabaqcadan hazırlaşmaq, bu işdə alimlərin sözünü də eşitmək lazımdır.

Yeganə Məmmədova

Paylaş