Ana təbiətə qayıdış – Gələcəyin şəhərləri – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Meqapolislərin havası adətən qazlarla doludur və bu effekti minimuma endirmək üçün çoxlu parklara ehtiyac var. Lakin bu parklar üçün boş sahələrin olması vacibdir.

Adətən iri şəhərlərdə belə sahələr olmur. Bir neçə il əvvəl bu problemin həllini italiyalı memar Stefano Boeri “şaquli qalalar” yaratmaqla təklif edib. Yaşıllıqlarla örtülən bu qalalar şəhərlərin ekologiyasına müsbət təsir etməklə, gözəl mənzərələr yaradır.

Bu konsepsiyanı Vyetnamın Vo Trong Nghia memarlıq bürosu gerçəkləşdirir. Onun portfelinə çoxlu yaşıl və ekoloji təmiz binalar daxildir.

Bu evlər iri gül dibçəklərinə bənzəyir: bitkilər bütün məkanı tutur və nəinki bəzək kimi görünür, həm də evin bir funksional hissəsini təşkil edir. Bu metod həm təmirə ehtiyacı olan köhnə, həm də təzə evlər üçün yararlıdır. Hanoy şəhərinin mərkəzində köhnə evlər üçün bu metoddan istifadə edilmişdir. Evlərin fasadı yaşıllıqla bəzədilmişdir. Bu yaşıllıq evləri həm günəşin şüalarından qoruyur, həm havanı oksigenlə zənginləşdirir, həm də şəhərə xüsusi gözəllik verir.

Memarlıq bürosunun bütün işləri bir məqsədi güdür: insanları ana təbiətə qaytarmaq. Bu ideya həm özəl, həm də iri kommersiya layihələrində tətbiq edilir. Belə ki, Xoşimin şəhərindən olan böyük bir ailənin sifarişi ilə bir “yaşıl” rezidensiya salınıb: palmalar və digər hündür bitkilərdən ibarət həyətlər qonaq otağını, yataq otağını, kabinetləri ümumi məkanda əlaqələndirir, şaquli salınmış bağlar isə təbii ventilyasını təmin edir.

Turistlər üçün çox populyar olan Dananq şəhərində isə Vo Trong Nghia şirkətinin köməyi ilə tikilən nəhəng və möhtəşəm mehmanxana şəbəkəsi və futurist restoran binaların üzərində qurulan su hövzələri və salınmış bağları ilə hər kəsi heyran edir.

Parisdə salınmış şaquli meşələrə baxın. Bir neçə il əvvəl italyan memarları Fransada ağac və güllər əkilmiş yaşayış binaları tikməyi təklif etmişdilər. Nəticədə meqapolislərin havası təmizlənir.

Bu ideya bir çox şəhərlərin xoşuna gəlib və tezliklə Parisdə də belə “yaşıl bina”ların sayının artacağı gözlənilir.

Dünyada ilk “Şaquli meşə” (Bosco Verticale) 2009-cu ildə İtaliyanın Milan şəhərində meydana gəlib. Hündürlüyü 110 və 76 m olan və bağlarla əhatə olunmuş iki qalayabənzər bina Stefano Boerinin rəhbərliyi ilə italyan memarları tərəfindən layihələndirilib.

Daha bir yaşıl göydələn kompleksi İsveçrənin Lozanna şəhərində tikilib, sonra həmin layihə ilə ABŞ, Cənubi Amerika və Çin maraqlanıb. Hazırda bu təşəbbüs Fransaya keçib: Parisin şərqində Vilye-sür-Marn kommunasında 54 metrlik kollar, ağaclar və güllərlə bəzədilmiş “Fore Blanş” qülləsi tikiləcək. Bu qüllə üçün bütövlükdə 2000 yaşıl bitkidən istifadə etmək nəzərdə tutulub. Qeyd edək ki, bu qədər yaşıl bitki maili yerdə 10 dəfə artıq yer tutur. Binada həm yaşayış üçün mənzillər, həm də ofislər olacaq. Pəncərələrdən Parisə panoramalar açılacaq, sakinlər gül-çiçəklərin arasından şəhəri seyr edəcəklər. Bundan başqa, “Fore Blanş” şəhərin ekologiyasına bir töhfə olacaq və onun peyzajını bəzəyəcək.

Hazırda Stefano Boeri Çinin Nankin şəhərində analoji “meşə”nin yaradılması ilə məşğuldur. Hündürlükləri 199 və 107 metr olan iki qalanın daxilində ofis və ticarət məkanları, “Hyatt” oteli və restoranlar, muzey və memarlıq məktəbi, binanın damında isə özəl klub və böyük hovuz yerləşəcək. Hər iki binada 23 növ 1100 ağac əkilib, kolların və kaskad bitkilərinin sayı isə 2500-dən artıqdır. Ümumilikdə bağlar 6000 kvadrat metr sahəni əhatə edir və bu nəhəng meşə massivi 25 ton karbon qazını udaraq sutkada 60 kq oksigen buraxacaq.

Binaların tikintisi tezliklə başa çatacaq, memar Stefano Boerinin gələcək planlarında isə Çinin digər şəhərlərində, o cümlədən Şanxayda belə layihələrin reallaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, bu şəhərlərdə atmosferin çirkləndirilməsi problemi xüsusilə kəskindir.

Yeganə Məmmədova

Paylaş