Qara tüstülədənlər – Okeanın dibində nə baş verir?

Google+ Pinterest LinkedIn Tumblr +

1977-ci ildə okeanoloqlar okeanın dibindən “tüstülənən fabriklər” – hündürlüyü 20-25 metrə çatan borular aşkar ediblər. Bu borular yüksək təzyiqlə suya qara “tüstü” buraxır. Suyun altında bu fabrikləri kim tikib? Bu fabriklər necə işləyir?

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, bu günə qədər okeanın dibində 150 belə “tüstülədən” aşkar edilib. Bu barədə “National Geographic” məlumat yayıb.

“Tüstülədənlər” Dünya okeanının dibindən keçən dağ silsilələridir. Onların ümumi uzunluğu 70 000 km-dən çoxdur. Bu geoloji strukturlarda spredinq deyilən prosesi (sərt litosfer plitələrinin ayrılması prosesi) və yeni okean qabığının meydana gəlməsi baş verir. Nəticədə belə sahələrdə okeanın qabığında dəliklər və çatlar yaranır. Dəniz suyu buradan keçir, orada maqmanın istiliyindən 350° – 400°-yə qədər qızır. Yüksək təzyiq nəticəsində su qaynamır, fövqəlkritik vəziyyətdə olur. Sonra o dağ süxurları ilə reaksiyaya girərək hidrogen sulfidlə, karbon qazı, duzlarla və dəmir birləşmələri ilə zənginləşir. Daha sonra isti halda müxtəlif maddələrlə zənginləşmiş bu su qara rəng alaraq okeana yol tapıb axır. Soyuq su ilə qarşılaşdıqda isti qara qarışıq tam soyuyur; soyuma zamanı minerallar çökür. Bu minerallar məhz qəribə tikililər yaradır: hidrotermal mənbənin ətrafında tədricən bərk, boruya oxşayan, qara rəngli mineral divarlar meydana gəlir. Mənzərənin vizual təsviri də bununla bağlıdır. Okeanoloqlar bu borulara “Qara tüstülədənlər” adını veriblər.

Bu hidrotermal boruların öyrənilməsi faydalı qazıntıların formalaşması nöqteyi-nəzərdən və onların gələcəkdə işlənməsi üçün qiymətlidir.

Paylaş