Bu ölkədə zibil yoxdu

Google+ Pinterest LinkedIn Tumblr +

Bu yaxınlarda dünya İsveçdə zibilin bitməsi xəbərindən silkələndi. Hökumət hətta xarici ölkələrdən utilləşdirmək üçün zibil idxal etməyə hazırdır. Stokholmda zibilin emalı sisteminin necə qurulduğu barədə misallarla söhbətimizə davam edək.

Hazırda İsveçdə zibilin çeşidlənməsi böyük miqyas alıb. Bunun sayəsində ölkədə demək olar ki, zibilxana qalmayıb, tullantılar isə ya yanacağa çevrilib, ya da yenidən istifadə olunub. Bunun üçün hakimiyyət orqanları əhali arasında maarifləndirmə məqsədilə daim izahat işləri aparırlar.

İsveç əhalisi artıq bilir ki, atdıqları plastikdən hələ 7 dəfə də yeni plastik əşya hazırlamaq mümkündür. Yalnız bundan sonra o, elektrik stansiyasına yanacaq kimi istifadəyə göndərilir. Beləliklə, 7 dəfə emal edilmiş plastik son dəfə elektrik enerjisi kimi insanlara fayda verir.

Bu ölkədə hər ailə zibil üçün 6-7 qutu (plastik, kağız, şüşə, metal və s. üçün) saxlayır. Qutulardan biri sonradan emal oluna bilməyəcək tullantılar üçün nəzərdə tutulur. Stokholmda balaca uşaq da bilir ki, açdığı konfetin kağızını hansı qutuya atmalıdır. Uşaq bağçalarında və məktəblərdə zibili düzgün çeşidləməyi öyrədirlər, düzgün olmayan çeşidləmə üçün ölkədə cərimələr tətbiq olunur.

Televizor, divan, tikinti materialları kimi iri predmetlər xüsusi stansiyalara aparılır. Orada onları tərkib hissələrə ayırır və əmtəə istehsalçıları bunları təkrar istehsal üçün xammal kimi alırlar. Həmin stansiyada predmetlərin üzərində olan rənglər, turşular və təhlükəli maddələr ayrılır və məişət kimyası emalı zavoduna göndərilir. Bu stansiyalar İsveçdə tamamilə pulsuzdur.

Plastik və tənəkə butulkaları pul müqabilində təhvil vermək olur. Bunun üçün ölkədə qəbul məntəqələri (xüsusi aparatlar) mövcuddur. Vaxtı keçmiş dərmanları, şpris və iynələri isə apteklərə təhvil vermək olur.

Zibilin nəqli üçün 1961-ci ildə İsveçdə yeraltı zibil kəməri işə salınıb.

İsveçdə zibil çatışmazlığı – hələlik ölkənin tullantılarla bağlı yeganə problemidir. Zibilin yalnız 7%-i zibilxanalara göndərilir, qalan böyük bir hissə isə ya yandırılır (enerji şəklində), ya da emal edilir. Beləliklə, yalnız tullantılar sayəsində Stokholm şəhəri 45% elektrik enerjisi ilə təmin olunur. Tullantıların defisiti əhali üçün böyük problem ola bilər, belə ki, isveçlilər tullantıları emal etməklə evlərini qızdırır və elektrik enerjisi əldə edirlər. Bu işdə qonşu Norveç onlara yardım etməyə başlayıb. Norveç İsveçə hər il 800 min ton zibil göndərir.

İsveçlilər atmosferə atılqn tullantıları da minimuma endirmək üçün yüksək texnologiyalardan geniş istifadə edirlər. Zibil yandırılan zavodlarda emal prosesində ən yeni texnologiyaların tətbiqi ilə atmosferə buraxılan tullantılar 1%-dən artıq deyil.

Yeganə Məmmədova

Paylaş