UNICEF: Ukraynanın şərqində içməli su qıtlığı

Google+ Pinterest LinkedIn Tumblr +

UNICEF xəbərdarlıq edib ki, silahlı münaqişənin davam etdiyi Şərqi Ukrayna ərazisində 3 milyon nəfər, o cümlədən 500 min uşaq təmiz içməli su qıtlığı ilə üz-üzə qala bilər. Təşkilat həmin ərazilərdə təmiz su mənbələrinin bombalanmasının qarşısını almağa çağırıb.

Biosfer.az UNICEF-in rəsmi saytına istinadla xəbər verir ki, Donbas vilayətində gedən döyüşlər nəticəsində 3,2 milyon insan içməli sudan məhrum olub. Donetsk şəhərinin yaxınlığında yerləşən yaşayış məntəqələrində vəziyyət daha ağırdır. UNICEF-in məlumatında deyilir ki, 2019-cu ilin əvvəlindən içməli su və kanalizasiya sistemlərinə 60 bombalı hücum olub. Ukraynanın şərqində su təchizatı 89 dəfə kəsilib. Təşkilatın təmsilçisi Loura Bill bildirib ki, bu cür ağır şəraitdə uşaqlar və onların valideynləri çirkli su mənbələrindən istifadə edirlər ki, bu da infeksion xəstəliklərə yol aça bilər. Onun sözlərinə görə, bu, yay aylarında daha təhlükəlidir.

UNICEF-in Ukraynada su və kanalizasiya sistemi üzrə proqramının rəhbəri Sebastyan Rutffot CNN telekanalına bildirib ki, silahlı münaqişənin qızışması 500 minə yaxın insanı içməli su mənbələrindən tamamilə təcrid edib. Onun sözlərinə görə, iyunun 29-da Horlivka qəsəbəsi yaxınlığında Severski Donetsk-Donbas kanalından gedən su kəmərinin partladılması, habelə Vasilivkada su-nasos stansiyasının dağıdılması ciddi fəsadlara səbəb olacaq.

Təşkilatın məlumatında qeyd olunub ki, silahlı münaqişələr olan 16 ölkədə uşaqların əksəriyyəti təmiz su, kanalizasiya sistemi və elementar gigiyenik şəraitdən məhrumdurlar.

Paylaş