İsveçrədə güclü istiləri tufan və dolu əvəzləyib

Google+ Pinterest LinkedIn Tumblr +

Ötən həftə İsveçrədə və Avropanın digər ölkələrində bu ərazilər üçün qeyri-adi olan isti hava dalğası müşahidə olunub.

Biosfer.az xəbər verir ki, iyulun 1-dən 2-nə keçən gecə İsveçrənin əksər bölgələrində, xüsusilə də ölkənin şərq hissəsində istiləri tufan, güclü yağış və dolu əvəz edib. Sankt Qallendə bir çox yaşayış məntəqələrində binaların zirzəmilərini su basıb, enerji təminatında qısamüddətli fasilə yaranıb.

Qeyd edək ki, bazar günü İsveçrədə istilər pik nöqtəyə çatıb və kölgədə havanın temperaturu 37 dərəcəyə yüksəlmişdi. Bu isə iyun ayının rekord göstəricisidir. 2015-ci ildən bəri havanın temperaturu ilk dəfə bu qədər yüksəlib və həmin vaxt Cenevrədə hətta 39,7 dərəcə isti qeydə alınıb. Bu rəqəm XIX əsrin ortalarından bəri Alp dağlarının şimalında qeydə alınan ən yüksək göstərici sayılır. 2016-2018-ci illərdə qeydə alınan ən yüksək göstəricilər isə 36 və 37 dərəcə olub.

İsveçrə Meteorologiya İdarəsinin məlumatına görə, hava dəyişikliyi bir müddət davam edəcək, temperatur kifayət qədər enəcək və güclü yağışlar müşahidə olunacaq. Alp dağlarının cənub hissəsində isə ən azı gələn həftənin ortalarınadək yüksək hava temperaturu davam edəcək.

Paylaş