Bakıda daha bir həyət abadlaşdırıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində iyulun 2-də növbəti həyətin açılış mərasimi keçirilib. Yenilənmiş həyət Binəqədi rayonu, İ.Həşimov küçəsi, 8 ünvanında 2 min sakinin yaşadığı binaları əhatə edir.

Biosfer.az xəbər verir ki, layihənin əsas məqsədi paytaxtdakı həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Layihə çərçivəsində abadlaşdırılan növbəti həyətdə də əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb. Bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə ərazidə mini futbol meydançası, şahmat meydançası, 4 idman qurğusu, uşaqlar üçün oyun meydançası və 16 oturacaq quraşdırılıb. Həmin meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürməsinə, asudə vaxtlarını səmərəli keçirməsinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdan ibarətdir.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ağac əkilib və 1735 kvadratmetr sahədə yaşıllıq zolağı salınıb.

Binəqədi rayonunda abadlaşdırılaraq sakinlərin istifadəsinə verilən həyət layihə çərçivəsində sayca iyirmi beşincidir.

Layihənin paytaxtın bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq abadlaşdırılmaya ehtiyacı olan həyətlər haqqında məlumat və tövsiyələri IDEA İctimai Birliyinə təqdim etmək lazımdır.

Paylaş