“Azərbaycanda plastik tullantılara qarşı mübarizə” forumu keçiriləcək

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycan Könüllülər İctimai Birliyi UNESKO-nun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilati dəstəyi ilə “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsinə start verir.

İctimai Birlikdən Biosfer.az-a bildiriblər ki, layihənin keçirilməsində məqsəd plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın artırılması və müvafiq olaraq plastik qabların istifadəsini azaltmaq və qarşısını almaq üçün praktiki yolların tapılması, ekoloji mədəniyyəti artırmaqla Azərbaycanın turistik yerlərini təmiz saxlamaqdır.

Layihə öz işinə “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” forumu ilə başlayacaq. Forum iyulun 6-da “Park Inn by Radisson Baku” mehmanxanasında keçiriləcək.

Forum Azərbaycanda plastik tullantılara qarşı birgə mübarizə aparmaq, ətraf mühitin təmizliyinə fikir verməklə ölkənin turizm potensialını daha da artırmaq məqsədilə hökumət və maraqlı tərəflər üçün platforma yaradacaq.

Layihə çərçivəsində müasir metodologiyadan istifadə etməklə aidiyyəti sahədə 30 nəfərdən ibarət könüllülər üçün TOT (Təlimçilər üçün Təlim) seminarları təşkil edilərək onların bilik və bacarıqları artırılacaq. Hazırlanacaq sosial film vasitəsilə könüllülərin ətraf mühiti plastik tullantılardan təmiz saxlamaları və “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında maarifləndirici kampaniyaya qoşulmaları təşviq ediləcək.

“Azərbaycanda plastik tullantılara qarşı mübarizə” forumunda iştirak etmək istəyənlər https://forms.gle/ZD5CUKmowsrP7QAp9 linki vasitəsilə ərizə formasını doldurmaqla elektron şəkildə müraciət edə bilərlər. Müraciət edənlər e-mail ([email protected]) və ya telefon (050 391 15 21) vasitəsilə seçimlərin nəticələri haqqında məlumat əldə edəcəklər. Forumda iştirak etmək istəyənlər iyulun 3-dək müraciət edə bilərlər.

Paylaş