Köpəkbalıqlarından qorxmaq lazımdırmı? – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Köpəkbalığı (akula) dedikdə, qeyri-ixtiyari olaraq ağlımıza ilk gələn aqressiya olur. Etiraf edək ki, akulalar çox mənfi “hörmət” sahibidirlər. Onlar qaniçən, adamyeyən, yırtıcı kimi yaddaşımıza həkk olunub. Bu barədə KİV-lərdə çoxlu xəbərlər yayılır, filmlər çəkilir. Bütün bunlar dənizlərdə, okeanlarda yaşayan bu balıqlar haqqında heç də yaxşı təsəvvürlər yaratmır.

Onilliklər ərzində akulalar dəhşət, qorxu filmlərinin qəhrəmanları olub və insanlarda onlara qarşı əsassız bir qorxu yaranıb. Artıq bu fikri dəyişməyin vaxtı çatıb. Akulaların iti dişlərindən başqa faydalarından da danışmaq lazımdır.

Öküz köpəkbalığı

İnəyin sizi vurma ehtimalı akulanın dişləməsindən daha çoxdur

Əminliklə demək olar ki, akulalar planetimizdə ən səhv qəbul edilmiş balıqlardır. Düzdür, aqressiv akulalara da rast gəlmək olur, hətta onların hücumlarına məruz qalmış insanlar da var, lakin bu hallar çox nadirdir, baxmayaraq ki, kütləvi informasiya vasitələrində geniş işıqlandırılır. Məsələ burasındadır ki, hər birimizin akulanın hücumuna məruz qalması ehtimalı ildırım vurmasından və ya qoç buynuzuna tuş gəlmədən çox-çox azdır.

Həqiqətən belədir, bunu rəqəmlər və faktlar da deyir. Məsələn, orta hesabla götürsək, iribuynuzlu heyvanların hər il öldürdüyü insanların sayı 22-dirsə, akula hücumundan həlak olanların sayı 5-dir. Faktiki olaraq, akulaların 480 növündən yalnız 3-ü insan üçün təhlükəlidir; pələng akula, böyük ağ akula və öküz akula.

Akula hücumlarının beynəlxalq siyahısına əsasən, bizim akula dişlərinin hədəfi olmağımız şansı 1-in 3 748 067-dir.

Lakin akulalar nəhəng balıq olduqlarına görə insanlara hər hansı zərəri yetirə bilir. Amma onların faydaları da çoxdur, buna görə də onlara layiq olduqları hörməti etməliyik. Hamıya məlumdur ki, hər hansı it saxlanılan həyətə dəvətsiz girmək qorxuludur. Beləcə də, akulaların yaşadığı sularda da ehtiyatlı olmaq lazımdır.

Amma gəlin akulaların faydalarını da unutmayaq.

Böyük ağ köpəkbalığı

Akulalar bizim ekosistemi tarazlıqda saxlamağa kömək edir

Akulalar suyun üzündə olan yemlərlə qidalanır və çox sürətlə üzə bildiklərinə görə çox da gözəl ovçulardır. Akulalar ekosistemə nəzarət edir və düzgün tarazlığı qoruyub saxlayırlar. Onlar populyasiyaya nəzarət edir, hər hansı ərazidə həddən artıq çoxalma olmamasını tənzimləyir, zəif və xəstə balıqları yeyirlər. Onların xəstə balıqları yeməsi həm də suda xəstəliklərin yayılmasının qarşısını alır.

Çox təəssüflər olsun ki, ətraf mühitin, o cümlədən su mənbələrinin çirkləndirilməsi akulaların da yaşamasını sual altındda qoyur – artıq onların kütləvi surətdə qırılması dənizlərin, okeanların suyunun pisləşməsinə səbəb olacaq.

Pələng köpəkbalığı

Akula xərçəng xəstəliyini sağaldır

Çox qəribədir ki, akulalar güclü immun sisteminə malikdirlər və bunun nəticəsində bir çox xərçəng xəstəliklərinə qarşı dayanıqlıdırlar. Tədqiqatlar göstərir ki, akulaların genlərində olan unikal modifikasiyalar onlara xərçənglə mübarizə aparmağa kömək edir. Bu kəşf səhiyyə sahəsində tədqiqatlarda istifadə olunmaqla, xərçəng xəstəliyinin müalicəsində fayda verə bilər.

Akulalar 420 milyon ilə yaxındır ki, mövcuddurlar. Belə məlum olur ki, onlar ilk dəfə yer üzündə dinozavrlar meydana gəlməmişdən 120 milyon il əvvəl yaranıb. Akulalar haqqında düzgün məlumatı yaymaqla, onların Dünya okeanının sağlamlaşdırılması üçün böyük əhəmiyyəti kəsb etdiyini insanlara çatdıra bilərik.

Yeganə Məmmədova

Paylaş