Bərk istilər yeraltı suların səviyyəsinə təsir göstərib

Google+ Pinterest LinkedIn Tumblr +

Belçika şəhərlərinin meriyaları sakinləri suya qənaət etməyə çağırıb.

Biosfer.az xəbər verir ki, Son günlərdə havaların dözülməz dərəcədə isti keçməsi Belçika şəhərlərinin su ehtiyatlarının xeyli azalmasına səbəb olub. Lüksemburq və Namyur əyalətlərində yerli məmurlar sakinlərdən hovuzları su ilə doldurmaqdan və qazonları suvarmaqdan çəkinmələrini xahiş ediblər, çünki sudan israfçılıqla istifadə edilməsi yerli su ehtiyatlarının tükənməsinə və hətta quraqlığa səbəb ola bilər.

Namyur əyalətinin bələdiyyələrarası supaylaşdırma xidmətinin nümayəndəsi Filipp Liberto “Le Soir” qəzetinə müsahibəsində şikayətlənərək deyib: “Yeraltı su ehtiyatları bərpa olunmayıb”. F. Liberto daha sonra əlavə edib ki, regionda təbii su ehtiyatlarının bərpası ilə bağlı çətinliklər hiss olunur.

Valloniya su təsərrüfatının rəhbərləri də yaranmış vəziyyətə görə narahatlıqlarını bildiriblər. Onlar Brüssel və Şarlerua kimi sıx məskunlaşmış rayonların sakinlərini su kranlarına diqqətlə nəzarət etməyə çağırıblar.

Lüksemburq əyalətindəki Tellin şəhəri bu istiqamətdə daha bir addım atıb və yeraltı suların səviyyəsini böhranlı normadan yuxarı həddə saxlamaq üçün su istehlakını “yalnız ev təsərrüfatının ehtiyacları” ilə məhdudlaşdırıb.

Flandriyada yerli hakimiyyət orqanları keçən il havanın hərarətinin kəskin artması nəticəsində yaranmış quraqlıq ucbatından, regionda su ehtiyatlarının daha səmərəli idarə olunmasına dair xüsusi proqram qəbul ediblər.

Paylaş