Milli Meşə Proqramı təqdim edildi

Google+ Pinterest LinkedIn Tumblr +

İyunun 14-də Azərbaycanda meşələrin mühafizəsi və dayanıqlı inkişafına dair Milli Meşə Proqramı” layihəsinin təqdimat mərasimi keçirilib.

Biosfer.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev tədbirin məqsədinin beynəlxalq ekspertlərin dəstəyi ilə hazırlanan Milli Meşə Proqramının və onun həyata keçirilməsi üçün Fəaliyyət Planının ilkin layihəsinin müzakirə edilməsi, bu istiqamətdə mövcud beynəlxalq təcrübələrin öyrənilməsi, eləcə də proqramın prioritet istiqamətləri üzrə bütün maraqlı tərəfdaşlarla fikir mübadiləsinin aparılması olduğunu qeyd edib. Nazir deyib: “Azmeşəli ölkə kimi meşələrin artırılması və mühafizəsi prioritet istiqamətlərimizdən biridir. Bu baxımdan ölkəmizdə meşələrin bərpasına, yeni meşə zolaqlarının salınmasına çox böyük önəm verilir. Meşə fondunun əkinəyararlı açıq sahələrində aqrobağlar salınır. Həmçinin tezböyüyən ağac cinslərindən ibarət plantasiyalar yaradılır. Belə meşə zolaqlarının salınması qida və ağac emalı sənayelərinin inkişafı üçün də əhəmiyyətlidir. Milli Meşə Proqramının hazırlanmasının məqsədi ölkəmizdə meşələrin səmərəli idarə edilməsi sahəsində siyasi, institusional və qanunvericilik üzrə təkmilləşdirmə işlərinin aparılmasıdır. Azərbaycan Respublikasının Milli Meşəçilik Proqramı 2020-2030-cu illəri əhatə edən 10 illik müddət üçün işlənib hazırlanıb. Bu proqram respublikamızda meşəçiliyin inkişaf strategiyasını əks etdirən əsas sənəd olmalıdır”.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak, meşə və oduncaq bölməsinin rəis müavini Əkrəm Yazıcı proqramın meşələrin mühafizəsindəki rolundan danışıblar.

Sonra Ə.Yazıcı “Azərbaycanda meşələrin mühafizəsi və dayanıqlı inkişafına dair Milli Meşə Proqramı” layihəsinə dair təqdimatla çıxış edib.

Tədbir müzakirələrlə davam etdirilib.

Paylaş