“Qırmızı kitab”a adları düşmüş bu quş və heyvanları ovlamaq olmaz

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycan Respublikasının “Qırmızı kitab”ına və Beynəlxalq Qırmızı Siyahıya adları düşmüş quş və heyvanların ovuna icazə verilmir. Quşlardan turac, ərsindimdik, fısıldayan qu, qızılqaz, talış qırqovulu, mərmər cürə, bəzgək, dovdaq, Qafqaz uları, tetra, heyvanlardan ceyran, maral, cüyür, köpkər, qarapaça, qonur ayı, bəbir və digərlərinin ovu qadağandır.

Vəhşi heyvan və quşların sayını tənzimləmək məqsədilə qaban (çöl donuzu) Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı, Dağıstan turu Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Oğuz, dovşan Şabran, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında, vəhşi quşlar – yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və ya xüsusi müəyyən olunmuş ov sahələrində ovlana bilər.

Məqsədimiz ölkədə sivil qaydada ovun aparılmasını təmin etməkdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ovçuluğa Dövlət Nəzarəti Xidmətinin rəisi Füzuli Məmmədov iyunun 4-də keçirilən mətbuat konfransında deyib.

Nazirlik rəsmisi, həmçinin bildirib: “Azərbaycanda ov mövsümü iyunun 1-dən açıq elan edilib və 2020-ci il martın 7-dək davam edəcək. Ovçular nazirliyin Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinə müvafiq sənədlərini təqdim etməklə ov üçün icazə ala bilərlər. Ovçuluqla məşğul olmaq üçün ilk növbədə ovçuluq bileti alınmalı, daha sonra isə müvafiq bank hesablarına rüsum ödənilməlidir. Alınmış ov icazəsində ovun müddəti, ov üçün nəzərdə tutulmuş ərazi, ovlanacaq quş və heyvanın sayı dəqiq göstərilir. Ovçular bu tələbləri pozduğu halda məsuliyyətə cəlb edilirlər.

Vəhşi heyvan və quşların ovuna icazə verilərkən, ilk növbədə onların bioloji xüsusiyyətləri əsas götürülür. Yəni vəhşi heyvan və quşların çoxalma və balalama dövründə ov fəaliyyətinə icazə verilmir. Bu səbəbdəndir ki, heyvan və quşların ov icazəsi müddətləri ciddi fərqlənir, bəzi növlərə mövsümün əvvəlində, bəzilərinə isə sonunda icazə verilir və ya bir sıra növlərin ovlanma müddəti cəmi 1,5-2 ay olduğu halda, digər növləri 4-5 ay ərzində ovlamaq olar.

Ov turizmi ilə məşğul olanlara bir daha müraciət edirik ki, ov qaydalarına ciddi əməl etsinlər. Sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov etmək qadağandır”.

Paylaş