37 şəhər və rayonda 200-dən çox konteyner quraşdırılıb

Google+ Pinterest LinkedIn Tumblr +

Prezident İlham Əliyev 2019-cu il fevralın 7-də “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Tədbirlər Planına uyğun olaraq digər aidiyyəti qurumlarla birgə işlər görür. Monitorinq və Qiymətləndirmə qurumu tərəfindən Təfsilatı Tədbirlər Planı hazırlanıb və nazirliyin əmri ilə təsdiq olunub. Həmin Tədbirlər Planında hər tədbir üzrə konkret hansı fəaliyyətlərin olacağı öz əksini tapıb. Özəl sektorun təmsilçiləri, istehsal şirkətləri ilə görüşlər keçirilir, alternativ qablaşdırıcıların istehsalının genişləndirilməsi məsələləri birgə müzakirə olunur. Həmin şirkətlərin özləri də alternativ qablaşdırıcıların istehsalında maraqlıdır və gələcək planlarını görülən tədbirlərə uyğunlaşdırırlar.

Bu barədə AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev məlumat verib.

“İstehsal prosesini tez bir zamanda dəyişmək mümkün deyil. Çünki istehsal prosesində hər hansı bir fəaliyyət bir il, hətta iki il əvvəldən planlaşdırılır. Alternativ qablaşdırıcıların bazarımıza daxil olması üçün zamana ehtiyac var. Biodeqradasiya olunan plastiklərin istehsalına başlamaq üçün sahibkarlar tərəfindən təkliflər daxil olub və hazırda Balaxanı Sənaye Parkında belə istehsal prosesinə başlamaq üçün danışıqlar aparılır. İnvestorlarla görüşlər keçirilir, birgə təhlil və qiymətləndirmə həyata keçirilir. Plastik butulkaların ölkəmizdə təkrar emalının tətbiqi, genişləndirilməsi, bunun üçün ölkəmizdə zavodun tikintisi məsələləri müzakirə olunur”, – deyə nazirlik rəsmisi bildirib.

M.Nəbiyev qeyd edib ki, maarifləndirmə də Tədbirlər Planının əsas fəaliyyət sahələrindən biridir: “Hazırda nazirlik maarifləndirmə tədbirlərini davam etdirir. Videoçarxlar hazırlanır və nazirliyin “Facebook” ünvanında paylaşılır. Bununla yanaşı, bukletlər, plakatlar hazırlanır. Dövlət Reklam Agentliyi də bu işdə icraçı qurumlardan biridir. Hazırda şəhərin ayrı-ayrı yerlərində maarifləndirmə lövhələrinin yerləşdirilməsi ilə bağlı təkliflər razılaşdırma mərhələsindədir. Burada əsas məqsəd odur ki, insanlar plastik və polietilen məhsulların əvəzlənməsinə hazır olsunlar. Çünki gələcəkdə həmin məhsulların istifadəsinin məhdudlaşdırılmasına dair qərarlar qəbul olunanda əhali arasında narazılıq yaranmasın”.

Nazirliyin nümayəndəsi bildirib ki, ötən ildən başlayaraq nazirlik öz təşəbbüsü ilə ilk olaraq Bakı, Sumqayıt və Gəncədə plastik qabların toplanması üçün xüsusi konteynerlər quraşdırıb. Sonra digər istehsalçılar, iri sahibkarlar, özəl şirkətlər, mənzil kommunal təsərrüfat birlikləri, yerli idarəetmə orqanları da bu təşəbbüsə dəstək verdilər. Hazırda bu məqsədlə 37 şəhər və rayondakı müxtəlif parklarda, insanların çox olduğu yerlərdə 200-dən çox konteyner yerləşdirilib.

Paylaş