Qafqaz zubrlarının Azərbaycana reintroduksiyası ilə bağlı seminar – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Mayın 29-dan iyunun 1-dək IDEA İctimai Birliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində orta məktəblərdə seminarlar keçirilib.

IDEA İctimai Birliyindən Biosfer.az-a bildiriblər ki, seminarlar zubrların arealına yaxın yerləşən İsmayıllı və Qəbələ rayonları, o cümlədən Buynuz, İstisu, Qurbanəfəndi, Topçu, Qalacıq, Sumağallı, Xanagəh, Vəndam, Bunud, Nohurqışlaq, Məmmədağalı, Tüntül və Yengicə kəndlərinin orta məktəblərində təşkil olunub.

Seminarlar zamanı nəsli tükənmək təhlükəsi altında olan zubrların Azərbaycanda tarixi, onların ekoloji rolu və qida zəncirində tutduğu mövqe, eləcə də mühafizəsi və bərpası istiqamətində aparılan işlər haqqında mühazirələr keçirilib. Gənc təbiətsevərlər zubrların bərpası istiqamətində aparılan işlərlə xüsusi maraq göstərib, dəstəklərini nümayiş etdiriblər.

Vaxtilə ölkəmizdə nəsli kəsilmiş vəhşi öküz – Qafqaz zubru növündən olan 12 baş heyvan bu yaxınlarda Fransa və Belçika zooparklarından Azərbaycana gətirilib. Onlar üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində xüsusi ərazi yaradılıb. Heyvanlar bir müddət bu ərazidə adaptasiya dövrü keçdikdən sonra həmin ərazidən təbiətə sərbəst buraxılacaq. Əraziyə bu il daha 8 baş zubrun gətirilməsi də nəzərdə tutulur.

Qafqaz zubrlarının Azərbaycan təbiətinə reintroduksiyası ilə bağlı IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi tərəfindən geniş mühafizə və maarifləndirmə tədbirləri keçirilir.

Zubrlar vaxtilə Avrasiyada çox geniş arealda yayılsa da, ötən əsrin əvvəllərində vəhşi təbiətdə nəsli, demək olar ki, kəsilib. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Hazırda dünyada mövcud olan zubrların böyük əksəriyyəti zooparklarda artırılıb və bu yolla növün bərpasına yönəlmiş səylər davam edir. Vəhşi öküzlər güclü, cüssəli heyvanlardır və qədim zamanlardan insanlar tərəfindən güc rəmzi kimi qəbul olunub.

Zubrların Azərbaycanda biomüxtəlifliyinin daha da zənginləşdirilməsi və meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq, layihənin təşkilatçıları Azərbaycanın şimal bölgələrində yaşayan əhalini və ümumiyyətlə bütöv ölkə ictimaiyyətini Qafqaz zubrlarının təbiətimizə qaytarılması, onların mühafizəsi və qanunsuz ovlanmasının qarşısının alınması işində dəstək olmağa çağırır.

Paylaş