Mayın 20-də və 21-də Yaponiyanın bir çox ərazilərinə yağan güclü yağışlarla əlaqədar sinoptiklər xəbərdarlıq ediblər.
Biosfer.az Yaponiya Milli Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, ölkə ərazisinin üzərindən keçən hava kütlələrinin soyuq hava qatı ilə qarşılaşması nəticəsində qeyri-sabit atmosfer şəraiti yaranıb. Yaponiyanın qərbindən şərqinə doğru hərəkət edən bu hava qatı əsasən Sakit okean sahilləri boyunca güclü yağışlara səbəb olub.
Qeyd edilir ki, Şikoku və Kinki regionlarında mayın 20-də axşam bir saat ərzində 50 millimetrdən çox yağıntı düşüb. Mayın 21-də bu mənzərə Tokay və Kanto regionlarında müşahidə edilib.
Sinoptiklərin bildirdiyinə görə, mayın 21-də axşamadək davam edəcək yağışlar nəticəsində 24 saat ərzində Tokay regionuna 250, Kanto-Koşin regionlarına 200, İzu adasına 180, Kinki regionuna 150 və Şikoku regionuna 120 millimetr yağıntının düşəcəyi gözlənilir.
Meteoroloqlar torpaq sürüşmələrindən, çayların daşmasından, yüksək dalğalardan, ildırım və tornadodan qorunmağı məsləhət görürlər.