PLASTİK ERASI: Plastiksiz həyat mümkündürmü?

Google+ Pinterest LinkedIn Tumblr +

Təbiətdə nə cəza var, nə mükafat – yalnız nəticə var… (Robert İngersoll – ABŞ)

Sivilizasiyanın müasir nemətləri insanlara təkcə rahatlıq vermir, həm də təbiətə düzəlməyən zərərlər verir. Elə son on ili götürsək, bu dövrdə dünyada ötən 100 ildə olduğundan artıq plastik məmulat istehsal edilib.

Birdəfəlik qablar, paketlər, qablaşdırmalar, butulka və müxtəlif tutumlu qablar plastik zibilin ən çox yayılmış növləridir ki, biz bu zibili hər gün özümüz “istehsal edirik”. Bu həcmin yalnız 5%-i son nəticədə emala məruz qalıb təkrar olaraq məişətdə istifadə olunur.

Plastik məmulatlar istehsaldan tutmuş istifadə olunub qurtarana qədər ətraf mühitə ciddi zərər vurur. Plastik məmulatlar istehsal edən zavodlar atmosferə 400 milyon ton karbon qazı buraxır və bu gün heyvanların hər il 800 növü plastiklə qidalanmaqdan və zəhərlənməkdən məhv olma təhlükəsi altındadır.

Birdəfəlik paketlər şəhərlərin kanalizasiya sistemlərini doldurur və subasma təhlükəsi yaradır, plastik kütlə zibili istirahət üçün nəzərdə tutulmuş sahilləri və sahilyanı zonaları zibilləyir və bununla da, turizm sahəsinə böyük ziyan vurur.

Alimlər həyəcan təbili çalır: dəniz quşlarının 90%-nin mədəsi plastiklə doludur…

ABŞ Milli Elmlər Akademiyasının nəşri olan “Proceedings of the National Academy of Sciences” jurnalı yazır: “Okeanoloqlar dəniz quşlarının qidalanması ilə bağlı apardıqları tədqiqatın nəticələrinə görə, dəniz sakinləri olan bu quşların 90%-nin mədəsi plastik kütlələrlə doludur. Bu, dənizlərin plastiklə çirklənməsinin ciddi miqyas aldığından xəbər verir”.

Son 50-70 il ərzində okeanoloqlar yaşadığımız dövrü zarafatyana “plastik erası” adlandırırlar. Zarafat da olsa, burada həqiqətin payı da var. Dünya okeanının sularında külli miqdarda polimerlərin mikrofraqmentləri mövcuddur. Bu hissəciklər uzun müddət parçalanmadan suda qalma xüsusiyyətinə malikdir və bu səbəbdən də, dəniz heyvanları və balıqlar tərəfindən yeyilir.

Avstraliyanın Xobart şəhərində yerləşən CSİRO Britaniya Birliyinin Elmi sənaye təşkilatının alimi Kristian Uayloks və onun həmkarları bütün bu plastik tullantıların “istehlakçılar”ını müəyyən ediblər. Onlar 200-ə qədər dəniz quşu üzərində müşahidələr apararaq, ötən illərlə müqayisəli şəkildə onların (ölmüş quşların) mədələrindən polimer nanohissəcikləri aşkar eiblər. Alimlər qrupu okeanların hansı hissələrində plastik ehtiyatlarının toplandığını da tapıblar. Onların dediklərinə görə, 1960-cı illərdə plastik quşların mədələrinə nadir hallarda düşürdü – quşların 5%-i bu plastiki səhvən və ya adi yemlə birgə yeyirdi. Sonralar, okeanın çirkləndirilməsi səbəbindən bu rəqəm çox sürətlə artmağa başlayıb – ötən əsrin 70-ci illərində 20%, 1980 və 90-cı illərdə 40-60% təşkil etmiş, 2000-ci illərin əvvəllərində isə 80%-ə çatıb.

Bu gün Uayloksun və onun həmkarlarının hesablamaları göstərir ki, əgər bu gün quşların 90%-nin mədəsində 1 və bir neçə plastik hissəcik varsa, yüzilliyin sonunda bu hissəciklərin sayı 99%-ə çata bilər. Etiraf edək ki, olduqca qorxulu proqnozdur. Bu o deməkdir ki, heç bir tədbir görülməzsə və insanlar beləcə yaşamaqda davam edərlərsə, əsrin sonunda quşlar həzmlərində problemdən, zəhərlənmədən və çəkilərinin azalmasından kütləvi surətdə məhv olacaq. Alimlərin fikrincə, “Hətta ən adi tədbirlər həlledici təsirə malik ola bilər. Məsələn, son illər Avropada plastik tullantıların ətraf mühitə atılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər artıq öz nəticəsini verir. Belə ki, son 10 ildə quşların mədələrində tapılan polimer hissəcikləri azalıb. Bu o deməkdir ki, tullantıların utilləşdirilməsi üzrə baza tədbirlərin həyata keçirilməsi ayrı-ayrı yerlərdə deyil, bütün dünya okeanında plastikin konsentrasiyasını köklü surətdə azalda bilər”.

Plastik paketlərin təbiətə vurduğu ziyanı inkar etmək olmaz. Yer üzündə hər saniyə 160 min ədəd plastik paket istifadə olunur və atılır. Bu mövzu alimlər tərəfindən dəqiq araşdırılsa da, yenə hər saniyə 160 min paket atılır. Bu rəqəmin nə qədər böyük olduğunu təsəvvür edin. İl ərzində atılan bu paketlərin sayı 1 trilyon ədədə çatır.

Bəzi faktlar üzərində dayanaq və düşünək. Bir polietilen paketin istehsalı üçün tələb olunan neftin miqdarı ilə bir avtomobil 11 m yol gedə bilər. İlk baxışdan çox da böyük rəqəm deyil. Amma bunları topladıqda astronomik rəqəm alınır. 10 belə paketin hazırlanması üçün zəruri olan neftin miqdarı avtomobilə artıq 110 m yol getməyə imkan verəcək. Paketlər isə milyonlarla istehsal olunur və göründüyü kimi, nəticə ürəkaçan deyil – burada artıq söhbət böyük rəqəmlərdən gedəcək.

Plastik paketlər orta hesabla 12 dəqiqə ərzində istifadə olunur

12 dəqiqə. 12 dəqiqədən sonra paket adətən atılır. Faktiki olaraq bütün dünyada polietilen paketlərin 3%-dən də az hissəsi emal edilir. Atılmış plastik paketlər ətraf mühitdə qalır. Plastik paket nə az-nə çox – 1000 il ətraf mühitdə qala bilir və yalnız bu müddət keçdikdən sonra parçalanır.

Dənizə atılmış tullantıların öldürücü təsirinə 267 müxtəlif növ heyvan məruz qalır

Plastik paketlər sahilyanı əraziləri çirkləndirən ən çox yayılmış zibil növü kimi top onluğa düşüb. Qeyri-kommersiya təşkilatı olan Dəniz konservasiyası mərkəzinin məlumatına görə, plastik paketlər sahilyanı ərazilərin təmizlənməsi zamanı ən çox aşkar olunan tullantılardır.

Əgər biz dünyanın bütün plastik paketlərini birləşdirsək, onlar bizim Yer kürəmizə 4200 dəfə sarıla bilər. Bəli, bir və ya iki dəfə yox, məhz 4200 dəfə!

Bəzən dərc olunan yazılarda belə başlıqlara rast gəlirik: “Okeanı xilas etmək üçün 20 il vaxtımız var”, və ya “2050-ci ildə okeanlarımızda balıqdan çox plastik olacaq”.  Yaxın gələcəkdə dünya okeanının sağlamlığını özümüzdən qoruya biləcəyikmi, onu gələcək nəsillər üçün saxlaya biləcəyikmi?

Yer üzündə cəmi bir nəfər həyatı boyu yalnız emal edilmiş plastik paketlərdən istifadə etmiş olsaydı, o, ətraf mühitdən 22 000 polietilen paket yox etmiş olardı.

Bu insan Siz ola bilərsiz. Və Siz bu oxuduqlarınızı dostlarınızla bölüşsəniz, görün, nə qədər insan polietilen paketlərdən imtina edər. Nəticədə ana təbiəti külli miqdarda zəhərli maddədən qorumuş olarıq. Gəlin, birlikdə təbiəti qoruyaq, axı o da bizə çox şey verir…

Həqiqətən, özümüzdən başlayaq və ana təbiəti az zibilləyək. Bu təbiət bizə əcdadlarımızın, ulularımızın əmanətidir. Əmanətə xəyanət isə acı nəticələr verə bilər. Bunu unutmayaq…

Yeganə Məmmədova

Paylaş