Yer kürəsini qlobal istiləşmədən nə qoruya bilər?

Google+ Pinterest LinkedIn Tumblr +

Professor Coan Çori adi yolla təkamül edən analoqlarından fərqli olaraq, atmosferdən daha çox miqdarda karbon qazını uda biləcək bitkilərin yetişdirilməsi üzərində çalışır. Lakin indi o, əsas problemin texnologiyalarda deyil, “ağrılara dözmək” istəməyən insanlarda olduğuna əmindir.

Biosfer.az AZƏRTAC-a istinadla bu barədə xəbər verir.

“The Guardian” qəzeti yazır ki, əgər Hollivud bəşəriyyətin son anında qlobal istiləşmə ilə mübarizə aparan superqəhrəman haqqında film çəksəydi, o zaman Coan Çori ideal prototip olardı. Çori özünün elmi fəaliyyətinin böyük hissəsini qlobal istiləşmənin reallıqları və təhlükəsi barədə maariflənməyə həsr edib. Hazırda yaşı 60-ı keçən Çori Parkinson xəstəliyindən əziyyət çəkir və öz həyatındakı əsas işini başa çatdırmağa – temperaturun yüksəlməsini azaltmaq məqsədilə atmosferdən lazımi effektliliklə karbon qazını uda biləcək bitkilər yaratmağa tələsir.

“Biz atmosferdən karbon qazını çıxarmağın yollarını tapmalıyıq. Fikrimcə, bitkilər iqtisadi cəhətdən səmərəli yanaşmadır… Hiss edirəm ki, bütün dünyanın yükü mənim çiyinlərimdədir. Bu isə böyük təzyiqdir”, – deyə Çori zarafatyana bildirib.

“Harnessing Plants”ın təşəbbüsü çərçivəsində onun komandası ənənəvi bitkilərə nisbətən karbon qazını daha yaxşı uda biləcək bitkilər yetişdirməyə çalışır. Tədqiqatçılar həm ənənəvi seleksiyalardan, həm də gen modifikasiyasından, o cümlədən “CRISPR/Cas9”dan istifadə edirlər. Professor öz şitillərini superbitkilər adlandırır.

Hazırda Çorinin laboratoriyasında superbitkilərə çevriləcək onlarca şitillər yetişdirilib. Professor əsas ümidlərini geniş yayılan kənd təsərrüfatı bitkilərinə – buğda, soya, qarğıdalı və pambığa bağlayır. İndi alimlər toxumların distribüterləri olan iri şirkətlərlə danışıqlar aparırlar.

Professor ümid edir ki, artıq cari ildə superbitkilər laboratoriyanı tərk edə və dünyanın müxtəlif hissələrində əkilə bilər.

Bununla yanaşı, Çori əmindir ki, əsas problem texnologiya və onların geniş miqyas alması deyil, insanların təfəkkür səviyyəsidir. “Bir çoxları qlobal istiləşmədən üz çevirir, bununla da adət etdikləri həyat tərzini dəyişmək istəmirlər. Mən indi ağrıları öz üzərimə götürsəm, ola bilər ki, bunun faydasını mənim nəticələrim görsünlər. Lakin insanlar ağrının olmamasını seçirlər və bu səbəbdən bizim əlimizdən heç nə gəlmir”, – deyə Çori gileylənir.

Hazırda bəşəriyyət atmosferə hər il ötən ildəkindən 18 giqaton daha çox karbon qazı buraxır. Çori əmindir ki, superbitkilərin geniş yayılması bu rəqəmi təxminən ikiqat azalda bilər.

İqlimşünaslar qrupu riyazi modelləri yeniləşdirərək aşkar ediblər ki, atmosferdə karbon qatılığı nəticəsində temperaturun artması alimlərin və ümumilikdə dünya ictimaiyyətinin adətən hesab etdikləri kimi deyil, daha da sərtləşə bilər.

Paylaş