Mindən çox badam ağacı əkildi

Google+ Pinterest LinkedIn Tumblr +

Aprelin 5-də Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə təşkilatçılığı ilə Bakı-Şamaxı magistral avtomobil yolunun 27-ci kilometrliyində ağacəkmə aksiyası keçirilib.

Biosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, ARDNF-in 20 illik yubileyinin keçirilməsinə dair tədbirlər planında nəzərdə tutulan bu aksiya “Bu yaz özün bir təbiət yarat!” devizi ilə başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil edilib.

Neft Fondunun əməkdaşları tərəfindən ağacəkmə aksiyasında 1,5 hektar ərazidə 1000-dən çox badam ağacı əkilib. Əkilən ağac tingləri ETSN-in “Azəryaşlandşaft” ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

Fəaliyyətinin başlıca missiyası ölkənin tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərinin toplanması, Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsi olan ARDNF-in bu aksiyanı keçirməkdə məqsədi ölkənin meşə ehtiyatlarının artırılması və ekoloji mühitin mühafizəsinə dəstək verməkdir.

Paylaş