Okean karbon qazı tullantılarının təqribən üçdəbir hissəsini udur

Google+ Pinterest LinkedIn Tumblr +

Okeanların insanın təsərrüfat fəaliyyəti ilə bağlı karbon qazı tullantılarını udmaq qabiliyyəti olmasaydı, Yer kürəsində istiləşmə daha sürətlə gedərdi.

Biosfer.az “Ekoportal”a istinadla xəbər verir ki, yeddi ölkədən tədqiqatçılar qrupu Sürixdəki İsveçrə Politexnik Məktəbi (ETH Zurich) mütəxəssislərinin rəhbərliyi ilə müəyyən edib ki, 13 il ərzində (1994-2007-ci illər) Dünya okeanı atmosferdən 34 milyard ton karbon qazı (CO2) “udub” ki, bu da belə tullantıların ümumi həcminin 31 faizinə bərabərdir.

“ETH Zurich”dən bildiriblər ki, təbii yanacağın yandırılması nəticəsində əmələ gələn karbon qazının heç də hamısı atmosferdə qalmır, yaxud qlobal istiləşməyə şərait yaratmır. Okean, eləcə də qurudakı ekosistemlər insan fəaliyyətinin nəticəsi olan karbon qazının həcminin xeyli hissəsini udur. Okean karbon qazını iki mərhələdə toplayır: əvvəlcə CO2 suyun üst qatında həll olur, sonra dövretmə və qarışma nəticəsində su kütləsində paylanır, səthdən daxili sahələrə qarışır, burada toplanaraq saxlanılır. Belə udulma olmadan atmosferdə karbon qazının konsentrasiyası və iqlim dəyişmələrinin miqyası xeyli yüksək olardı.

Professor Nikolas Qruberin başçılıq etdiyi bir qrup alim öz elmi işində suyun tərkibinin tədqiqi məqsədi ilə 2003-2013-cü illərdə həyata keçirilmiş 50-dən çox ekspedisiyanın nəticələrinə əsaslanıb. Nümunələr istər okeanların səthindən, istərsə də 6 kilometrə qədər dərinlikdən götürülüb. Müəyyən edilib ki, CO2-nun həcminin artmasına baxmayaraq, onun udulma payı son 200 ildə təqribən eyni qalıb. Başqa sözlə desək, CO2 atmosferdə nə qədər çox olsa, okean onu bir o qədər çox toplayır. Bu, doyma məqamı baş verənə qədər belə davam edəcək. Hər halda 1994-2007-ci illərdə qlobal okean atmosferdə CO2-nun artması sürətinə müvafiq olan sürətlə antropogen CO2 qəbul etməyə davam edir.

Bununla belə, bütövlükdə planetdə udulma sürəti emissiya sürətinə uyğun gəlsə də, okeanların müxtəlif rayonları özünü bu baxımdan fərqli aparır. Məsələn, Şimali Atlantikada 1994-2007-ci illərdə gözlənildiyindən 20 faiz az karbon qazı udulub. Alimlərin fikrincə, bu, ötən əsrin 90-cı illərinin sonunda su dövranının yavaşıması ilə əlaqədar baş verib. Su dövranının yavaşımasına isə iqlim dəyişiklikləri təsir göstərib. Lakin həmin dövrdə Cənubi Atlantikada karbon qazının okean tərəfindən udulması güclənib. Bu da Şimali Atlantikada zəif udulma prosesini kompensasiya edib. Sakit və Hind okeanlarının Antarktida yaxınlığında sularında da tədqiqatçılar tərəfindən analoji proseslər qeydə alınıb.

Professor Qruber deyib: “Biz müəyyən etdik ki, dəniz udması sadəcə atmosferdəki karbon qazının artmasına reaksiya deyildir. Onun iqlim variasiyalarına həssaslığının xeyli artması hazırda baş verən iqlim dəyişmələrinə cavab reaksiyası potensialının böyük olduğunu göstərir”. Bu alimin 1980-1990-cı illərdə iştirak etdiyi digər tədqiqat okeanın 1800-cü ildən 1994-cü ilədək olan dövrdə topladığı karbon qazı həcmini hesablamağa imkan verir: 118 milyard ton.

“ETH Zurich”dən vurğulayıblar ki, okeanlar karbon qazını udmaqla bəşəriyyətə böyük xidmət göstərir, lakin hər şeyin öz qiyməti var. Suda həll olan karbon qazı dəniz suyunun turşululuğunu artırır. Əldə olunmuş məlumatlar göstərib ki, belə yüksək turşululuq artıq 3 min metr dərinliyə çatıb. Alimlər xəbərdarlıq edirlər ki, bu prosesin okean sakinlərinin çoxunun, o cümlədən molyuskların həyatı üçün mənfi nəticələri ola bilər.

Paylaş