Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 368,8 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
“Biosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 12,1% artaraq 49,4 mln. manat təşkil edib.
Ötən iki ay ərzində Azərbaycanda 4 178,7 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 1,4% çoxdur.
Bunun 181,6 mln. kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2018-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 1,8% azdır.
Bunun 3 829,2 mln. kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2018-ci ilin iki ayının göstəriciləri ilə müqayisədə 1,4% çoxdur.
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 18,7 mln. kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2018-ci ilin iki ayının göstəriciləri ilə müqayisədə 7,8 dəfə çoxdur.
Bu ilin yanvar-fevral ayları ərzində ölkədə 5,1 mln. kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2018-ci ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə 15,9% çoxdur.