Müasir dövrdə iqlim dəyişikliyi və qlobal istiləşmə ilə yanaşı təbiətdə bir çox heyvan və bitki növlərinin nəsli də kəsilmək təhlükəsi ilə üzləşib. İnsan təsirinə məruz qalan canlılar arasında həşərat növlərinin sayı getdikcə artmaqdadır. Buna görə də Vyana və Bratislava şəhərləri həşəratların qorunması ilə bağlı xüsusi layihəyə start veriblər.
Biosfer.az xəbər verir ki, Bratislava Meşə İdarəçiliyi və Slovakiya Tətbiqi Ekologiya İnstitutu ilə Vyana Şəhər Magistratının Ətraf Mühit Şöbəsi hər iki şəhərin urban yaşayış ərazilərində biomüxtəlifliyin artırılması məqsədilə üçillik layihə barədə razılığa gəliblər. “City Nature” adlı layihənin təqdimatı zamanı Vyana Şəhər Magistratının təmsilçisi Volfqanq Kutter bildirib ki, təbiətdə həşərat müxtəlifliyinin itirilməsi artıq cəmiyyətin bütün təbəqələrini ciddi şəkildə narahat edən gerçəkliyə çevrilib. Qeyd edilib ki, ekosistemlər üçün həşəratlar mühüm əhəmiyyət daşıyırlar, onlar bir tərəfdən bitkilərin tozlandırılma və artmasında əhəmiyyətli rol oynayır, digər tərəfdən isə bir çox heyvan növləri üçün qida mənbəyidirlər. Kənd təsərrüfatında monokulturalar (bir bitkidən ibarət əkin sahələri), pestisidlər və iqlim dəyişikliyi ildən-ilə həşəratlara ağır zərbə vurur.
Təqdimatda, həmçinin qeyd edilib ki, hazırda Vyana ərazisinin 30 faizi həşəratların qorunduğu sahə elan edilib. Yeni layihə ilə aralarında cəmi 50 kilometr məsafə olan iki paytaxtda və onların arasında Dunay çayı boyunca müxtəlif proqramların həyata keçirilməsi, yerli əhalinin həssaslığının artırılması və növ müxtəlifliyinin təmin edilməsi üçün elmi araşdırmaların aparılması nəzərdə tutulur.
“City Nature” layihəsinin diqqət mərkəzində həşəratlarla yanaşı yarasalar və qaranquşlar kimi şəhər “sakinləri” də saxlanılacaq. (Azərtac)