Çin alimləri smoqun filtrasiyası üçün intellektual filtrli pəncərə işləyib hazırlayıblar. Bu pəncərə qapalı məkanda ziyanlı PM2,5 zərrəciklərinin konsentrasiyasını bir dəqiqə ərzində təhlükəsiz səviyyəyə qədər azaltmağa imkan verir.
Biosfer.az xəbər verir ki, yeni materialı Çin Elm və Texnologiya Universitetinin professoru Yuy Şuxun başçılıq etdiyi bir qrup tədqiqatçı hazırlayıb. Alimlərin bu nailiyyəti “iScience” elmi jurnalında dərc edilib.
İxtira nanolifli-neylon tərkibli materialdan ibarətdir. Bu material PM2,5 zərrəciklərinin qarşısını 99,65 faizə qədər səmərəli almağa, onların havadakı konsentrasiyasını cəmi 50 saniyədə azaldaraq bir kubmetr üçün 248 milliqramdan 32,9 milliqrama qədər endirməyə qadirdir.
Termoxromlu boyaq maddəsi ilə örtülən Ag-neylon toru otaqda işıqlandırmanın intensivliyini tənzimləməyə də imkan verir.
Smoqu filtrasiya edən əvvəlki pəncərə materialları ilə müqayisədə bu yenilik ucuzdur, iri həcmdə istehsal edilə və uzun müddət istifadə oluna bilər.
7,5 kvadratmetr ölçüdə Ag-neylon tor cəmi 20 dəqiqə ərzində hazırlanır, 100 yuana (təqribən 15 ABŞ dolları) başa gəlir. Toru təmizləmək üçün onu 20 dəqiqə ərzində etil spirtində islatmaq kifayətdir.