Ölkədə epizootik sabitliyin təmin olunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) yerlərdə “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq, iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır.
Belə rayonlardan biri də Şəkidir. 68 kənd, 2 qəsəbə və 1 şəhəri əhatə edən Şəki rayonunda hazırda epizootik durum sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün bütün ölkədə olduğu kimi, Şəki rayonunda da heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı 2019-cu ilin profilaktik tədbirlərinə başlanılıb. Rayonda 71 min baş iribuynuzlu, 289 min baş xırdabuynuzlu, 3 min baş təkdırnaqlı, 5 min baş it mövcuddur. Müayinə və profilaktik tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır.
DBX-dan Biosfer.az-a bildiriblər ki, Dövlət Baytarlıq Xidmətinin Şəki Rayon Baytarlıq İdarəsinə verilən peyvənd vasitələri “soyuq zəncir” rejimi gözlənilməklə 20 sahə baytarlıq məntəqəsinə çatdırılaraq mal-qaraya ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir. İlin əvvəlindən indiyə kimi, ümumilikdə, rayonun ayrı-ayrı şəxsi və fermer təsərrüfatlarında 30 min baş iribuynuzlu, 1500 baş təkdırnaqlı heyvanda qarayara, 3 min baş itdə quduzluq xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbiri aparılıb, eləcə də 6400 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb. İribuynuzlu heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.
Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək, təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasını tövsiyə edirlər.
Şəki rayonunda bundan sonra epizootik tədbirlər planına uyğun olaraq ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptospiros, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo xəstəliyinə görə (maleinizasiya) və rinopnevmoniya xəstəliyinə qarşı peyvəndləmə aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Şəki Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən 2018-ci il ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə 20068 baş iribuynuzlu və 4875 baş xırdabuynuzlu heyvandan (qoçlardan) qan nümunələri alınaraq müayinə edilib. Eləcə də 3268 baş iribuynuzlu heyvanda vərəmə (allergik), 4836 baş qoçda infeksion epididimitə (seroloji) və 1789 baş atda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələr aparılıb və yoluxma aşkarlanmayıb.
Həmçinin başa vurduğumuz 2018-ci ildə rayonda 71219 baş iribuynuzlu, 293121 baş xırdabuynuzlu, 6683 baş cavan iribuynuzlu, 3052 baş təkdırnaqlı heyvanda qarayara, 121637 baş iribuynuzlu heyvanda, 145631 baş xırdabuynuzlu heyvanda dabaq, 63474 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 5998 baş iribuynuzlu heyvanda leptospiroz, 219292 baş xırdabuynuzlu heyvanda çiçək, 48629 baş xırdabuynuzlu heyvanda (“Rev-1”vaksini), 10914 baş iribuynuzlu heyvanda (“Ştamm-19” vaksini) bruselyoz, 4993 baş itdə quduzluq, 199114 baş cücədə (“La-Sota” vaksini ilə), 200028 baş quşda (“H” vaksini ilə) nyukasl xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə tədbirləri aparılıb.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.