Plastik torbalar ödənişli olduqdan sonra onlara olan tələbat 95 faizədək azalır

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə beynəlxalq ekspertlərin iştirakı ilə maraqlı tərəflərin görüşünü təşkil edib. Görüşdə müvafiq qurumların, qeyri-hökumət təşkilatlarının və istehsalçı şirkətlərin nümayəndələri də iştirak ediblər.

Bu barədə AZƏRTAC-a nazirliyin sektor müdiri Mehman Nəbiyev məlumat verib.

Sektor müdiri bildirib ki, plastik tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması ilə bağlı nazirliyin hazırladığı Tədbirlər Planı qəbul olunduqdan sonra bütün maraqlı tərəflərin iştirakı ilə onun mərhələli şəkildə icrasına başlanılacaq: “Tədbirlər Planında ətraf mühitin çirklənməsində daha çox rol oynayan yüngülçəkili polietilen torbalardan istifadənin məhdudlaşdırılması, marketlərdə ödənişli sistemin tətbiqi ilə bağlı təkliflər yer alıb. Həmçinin çox yüngülçəkili polietilen torbalardan istifadənin tamamilə qadağan edilməsi də təklif olunub. Beynəlxalq təcrübə göstərir ki, bu torbalar ödənişli olduqdan sonra onlara olan tələbat 95 faizədək azalır. Lakin polietilen torbalardan istifadəni azaltmaq üçün onların marketlərdə ödənişli olması yeganə həll üsulu deyil. Həmin materialların alternativləri, yəni kağız, parça, kətan torbaların istehsalının genişləndirilməsi ilə bağlı tədbirlər də nəzərdə tutulub.”

Paylaş