Hindistanda su basmış mədəndə 42 günlük axtarış – İlk cəsəd tapıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Hindistanın Meqhalaya ştatında qanunsuz fəaliyyət göstərən kömür mədənində baş verən qəzadan sonra 42 günlük axtarış işləri nəticəsində fəhlələrdən birinin cəsədi tapılıb.

Biosfer.az Hindistan KİV-lərinə istinadla xəbər verir ki, dekabrın 13-də su basmasının səbəb olduğu qəzadan sonra mədəndə qalan 15 nəfərlə əlaqə kəsilib və fəhlələrin tapılması üçün axtarış işlərinə başlanılıb. Kiçik təpələrin olduğu ərazidə dərinlikdə yerləşən mədəndə axtarış işləri təbii şərait səbəbindən zəif davam edir. Axtarış işlərinə xilasedicilərlə yanaşı, geofizika tədqiqatları və hidrologiya institutlarının alimləri, dalğıclar, yanğından mühafizə xidmətinin mütəxəssisləri də cəlb olunub. Fəhlələrin yerini uzaqdan idarə olunan sualtı cihazlar üzrə ixtisaslaşmış qrupun üzvləri müəyyən edib. Bildirilir ki, təxminən 50 metr dərinlikdə tapılan cəsəd tanınmaz haldadır. Cəsədin kimə məxsus olduğu müəyyən etmək üçün ekspertiza rəyi lazım olacaq.

Qeyd edək ki, 2014-cü ildə məhkəmənin qərarı ilə həmin mədəndə qazıntı və hasilat işləri qadağan olunub. Buna baxmayaraq, mədəndə kustar üsulla kömür çıxarılması davam etdirilib.

Paylaş