Bölgələrdə 5 min hektar ərazini gəmirici basdı

Google+ Pinterest LinkedIn Tumblr +

03-16 yanvar 2019-cu il tarixlərində Qəbələ rayonu Bitki Mühafizəsi Mərkəzinin (BMM) mütəxəssisləri tərəfindən 2950 hektar əkin sahəsində siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidə işləri aparılıb.

Dövlət Fitosanitar Xidmətindən Trend-ə verilən məlumata görə, müşahidə işləri rayonun Bayramkoxa, Kürd, Yenikənd, Böyük Pirəlli, Aydınqışlaq, Zarağan, Böyük Əmilli kəndlərinin əkin sahələrini, Qəbələ şəhər əhalisinin pay torpaqlarını, “Gilan Dairy Farms” taxılçılıq toxumçuluq təsərrüfatını və fermer Şahin Mustafayevə məxsus toxumçuluq təsərrüfatına məxsus taxıl sahələrini əhatə edib.

Müşahidə aparılmış ərazilərin əsasən Qaş adlanan massivin taxıl sahələri də daxil olmaqla, 1735 hektar sahənin ziyanvericilərlə sirayətləndiyi müəyyən edilib. Təsərrüfat subyektləri hesabına 730 hektar sahədə “sink-fosfid” preparatı ilə kimyəvi dərmanlama işləri aparılıb.

Şabran rayonu ərazisində siçanabənzər gəmiricilərin yayılma arealını müəyyənləşdirmək məqsədi ilə 3827 hektar sahədə fitosanitar müşahidə aparılıb. Müşahidə zamanı taxıl sahələri, meyvə və üzüm bağları, yonca və təbii otlaqlar daxil olmaqla, ümumulikdə 1977 hektar sahədə sirayətlənmə müşahidə olunub. 35 hektar taxıl sahəsində İqtisadi Zərərvermə Həddindən yüksək olduğu üçün dövlət vəsaiti hesabına “Brodifak-0,25%” preparatı ilə mübarizə aparılıb. Hazırda mübarizə işləri davam etdirilir.

Kürdəmir rayon Bitki Mühafizə Mərkəzi tərəfindən rayon ərazisində siçanabənzər gəmiricilərə qarşı aparılan müşahidə və kimyəvi mübarizə tədbirləri hazırda davam etdirilir.

Belə ki, rayon BMM-nin mütəxəssisləri tərəfindən Şilyan və Qarasu kəndləri ərazisində yerləşən “SM AQRO” MMC-yə məxsus 2100 hektar payızlıq taxıl sahəsində siçanabənzər gəmiricilərin yayılma arealını müəyyən etmək məqsədi ilə fitosanitar müşahidə aparılıb. Müşahidə zamanı 1300 hektar sahədə sirayətlənmə qeydə alınıb. 1000 hektar sahədə sirayətlənmə İqtisadi Zərərvermə Həddindən yüksək olduğu üçün “Brodifak-0,25%” preparatından istifadə edilməklə kimyəvi mübarizə aparılıb.

Kimyəvi mübarizə zamanı sahibkarlar və işçilər “Brodifak-0,25%” preparatından istifadə edərkən texniki təhlükəsizlik tədbirləri ilə bağlı təlimatlandırılıb. Hazırda kimyəvi mübarizə tədbirləri davam etdirilir.

Paylaş